Prezident: "Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır"

Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İtaliya Prezidenti Sercio Mattarella ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri müzakirə etdik. İtaliyanın bu məsələlərlə bağlı çox müsbət rolu və mövqeyi var. Ümid edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş imzalanacaq. Saziş üzərində iş aparılır və biz Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq bəyannamələri imzaladıq, qəbul etdik. Doqquz ölkə ilə, o cümlədən İtaliya ilə belə bəyannamələr qəbul edildi. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdir”.

İlham Əliyev vurğulayıb ki, bu, çox ciddi siyasi sənəddir: “Əslində bizim bir-birimizə olan münasibəti və gələcək əməkdaşlıq formatını göstərir və müəyyən edir. O ki qaldı ikitərəfli əlaqələrə, qeyd etdiyim kimi, biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır".

Prezident vurğulayıb ki, İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir: "Bu gün açılacaq polimer zavodunun inşasında İtaliya şirkəti fəal iştirak edib. Azərbaycanda bir çox İtaliya şirkətləri fəaliyyət göstərir. Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən Prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir. Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər. Əlbəttə ki, keçirilən görüşlər və sabah iştirak edəcəyimiz İtaliya-Azərbaycan biznes forumu qarşımızda yeni imkanlar açacaq. Çünki Azərbaycanın sürətli iqtisadi-sənaye inkişafı tələb edir ki, yeni texnologiyalar gətirilsin. Əlbəttə ki, ilk növbədə, biz bu texnologiyaları dost ölkələrdən gətirmək, əldə etmək istərdik.

Biz cənab Prezident Sercio Mattarella ilə bu gün mədəniyyət, təhsil sahələrindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq və danışıqların sonunda belə bir qərara gəldik ki, bu gün gündəlikdə olan məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Bütün məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Əminəm ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək və bundan sonra uzun illər ərzində biz çox səmərəli əməkdaşlıq edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə