Mərkəz sədri: “ATƏT MQ Ermənistanda dördüncü liderlə işləyir" MÜNASİBƏT

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanla daha konkret gündəliklə işləməlidir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ATƏT MQ həmsədrləri Brüsseldə Azərbaycan və Ermənistan Xİ nazirləri ilə 4 saatlıq görüşünün təşkilatçısı və iştirakçısı oldular: “Bu vaxtadək həmsədrlər ayrı-ayrılıqda Azərbaycan və Ermənistan Xİ nazirləri ilə də görüşmüşdülər. Beləliklə həmsədrlərin görüşü üçün ayırdığı vaxtının optimal miqdarının 5,5 saat olduğunu demək olar. Həmsədrlərlə Xİ nazirləri və Xİ nazirlərinin bir-biri ilə ünsiyyətdə dil problemi yoxdur. Beləliklə, həmsədrlərin ağır, tər tökən işi göz qabağındadır. Amma hələlik nəticə yoxdur. Ən azı Ermənistan tərəfinin açıqlamalarından bu aydın görünür. Z.Mnasakanyanın fikrincə, 4 saat ona E.Məmmmədyarovla tanış olmaq üçün sərf olunub. N.Paşinyan ümumiyyətlə “demokratik fontan” vurdu. Guya həmsədrlər görüş zamanı Ermənistanda keçiriləcək Frankofoniya sammitində iştirak etməyi müzakirə və xahiş ediblər.

Niyə Azərbaycanı deyil, Ermənistanı deyirik. Çünki Azərbaycanın ATƏT MQ-yə və tənzimlənməyə konseptual və cari yanaşmasında heç bir dəyişiklik baş verməyib. Ermənistan tərəfdə isə dəyişikliklər boldur:

I. Konstitusiya dəyişilib. Yeni konstitusiyaya görə dövlətin başçısı prezident, icra hakimiyyətinin başçısı baş nazirdir. Xarici siyasət məsələlərini də baş nazir müəyyən etməlidir. Azərbaycan konstitusiyasına görə Prezident həm dövlətin, həm icra hakimiyyətinin başçısıdır və xarici siyasəti də o müəyyənləşdirir.

II. Ermənistanda inqilab baş verdi. Zorakı yolla N.Paşinyan hakimiyyəti ələ keçirdi. N.Paşinyan Ermənistanın lideri olaraq Dağlıq Qarabağ tənzimlənməsində fərqli mövqe, şərt ortalığa qoyur. Onun şərtinin qəbul edilmədiyi bəllidir. Amma N.Paşinyan geri çəkilmir.

III. Ermənistanda konstitusiya və dövlət idarəçiliyinin dəyişdirilməsi məqsədyönlü idi. Hədəf Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində qeyri-müəyyənlik yaratmaq idi. Bu planın müəllifi S.Sərkisyan hakimiyyətdə qalsaydı haçansa o da süni baş nazir dəyişikliyinə gedəcəkdi. Məqsəd real tənzimlənmədən yayınmaq idi. Ehtimal ki, hadisələrin belə gedişi həmsədrlərə də bəlli idi. Ona görə həmsədrlər N.Paşinyanın növbəti addımlarına köklənməməlidir. Bunu dejavyu kimi qəbul etməlidir.

Həmsədrlərin Brüssel görüşündən sonra yaydığı bəyanatda “məzmunlu danışıqlarda təkrar iştirak üçün növbəti addımlar və parametrlər barəsində fikir mübadiləsinin aparıldığı, etimadın möhkəmləndirilməsi üçün bir sıra mümkün tədbirlərə baxdıqlarını” bildirdilər.

Həmsədrlərin bəyanatından Azərbaycan və Ermənistan liderlərinin görüşünün hazırlanmasının aktiv müzakirə mövzusu olduğu aydın görünür. Əsas məsələ Ermənistanı kimin təmsil edəcəyidir. N.Paşinyan statusuna görə Azərbaycan Prezidenti İlham Əliyevin tayı deyil. Parametrlər dedikdə bu problemi həll etmək nəzərdə tutulur.

“Bəzi mümkün etimad tədbirləri” adı altında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun başlanmasının nəzərdə tutulduğunu ehtimal etmək olar. Amma Ermənistanın indiki rəhbərliyinin davranışı həmsədrlərin diplomatik ifadələrinin anlamaq gücündə olmadığını ortalığa qoydu.

ATƏT MQ Ermənistanda dördüncü liderlə işləyir. Əvvəlki 3 prezidentlə indiki baş nazirin Dağlıq Qarabağ tənzimınməsinə yanaşmaları arasında fərqin olub-olmadığını yaxşı bilirlər. Bu, artıq ATƏT MQ həmsədrlərinin daha konkret gündəliklə işləməsini imperativə çevirir. Əks-təqdirdə həmsədrlər təkcə özlərini deyil, mənsub olduqları dövlətlərin imicinə xələl gətirəcəklər. Azərbaycan ordusunun fəaliyyətinin qarşısını almaq isə onların gücü daxilində olan məsələ deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə