Azərbaycanın Brüssel səfərindən qazandıqları ŞƏRHLƏR- ÖZƏL

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər etmişdi. Azərbaycan Prezidenti səfər çərçivəsində müxtəlif görüşlər keçirməklə yanaşı Avropa ittifaqı ilə ölkəmiz arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanıb.

Səfərin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən ekspertlər Aİ ilə Azərbaycan arasında imzalanan sənədin bir çox sahələr uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacağını bildiriblər. SİA Brüssel səfərinin Azərbaycan üçün uğurları haqqında deputatların, siyasi-şərhçilərin fikirlərini təqdim edir:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva: “Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı istiqamətində mühüm əhəmiyyətə malikdir. Sənəddə Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəklənməsi ölkəmizin uğuru kimi qiymətləndirilər bilər. Azərbaycanla Aİ arasında əlaqələrin genişlənməsi ölkəmizlə yanaşı Avropa ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir: “Bildiniz kimi, artıq Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Ölkəmizin təşəbbüsü ilə reallaşan layihələr nəticəsində mühüm üstünlüklərə malik olan ölkəmizlə əməkdaşlıq etmək Avropa ölkələri üçün həm siyasi, həm də iqtisadi dividentlər vəd edir”.

Azərbaycan NATO əlaqələrinə toxunan S. Fətəliyeva söyləyib ki, ölkəmiz bu təşkilat tərəfindən həyata keçirilən bir sıra proqramlarda yaxından iştirak etməklə yanaşı, tərəfdaşlıq münasibətlərinə də malikdir: “Bu münasibətlərin nəticəsidir ki, NATO-nun Brüssel sammitində növbəti dəfə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edildi. Bu, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən diplomatiyanın uğurudur”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə: “Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərində ölkəmiz öz istəklərinə nail oldu. NATO Azərbaycanı yüksək qiymətləndirdi. Bizim əməkdaşlığımız bu istiqamətdə bundan sonra da davam etdiriləcək. Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır. Bununla yanaşı Azərbaycan Avropa İttifaqı ilə öz tərəfdaşlığının prioritetləri haqqında sənəd imzalayaraq gələcəkdə ikitərəfli münasibətlərin çoxşaxəli seqmentlərinin inkişafına yeni zəmin yaratmış olacaq. Bu mənada düşünürəm ki, Azərbaycan həm NATO ölkələri üçün, həm də Avropa üçün önəmli tərəfdaş olması səfər zamanı təsdiq olunub. Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Bu sənəd bizim gələcək böyük sənədin bir platformasıdır. Azərbaycanı və eyni zamanda Avropanı maraqlandıran bütün istiqamətlər orada öz əksini tapıb. Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edildi ”.

Milli Məclisin deputatı Rüfət Quliyev: “Azərbaycan Prezidentinin Brüsselə səfəri bir daha göstərdi ki, ölkəmizin beynəlxalq reytinqi ildən-ilə yüksəlir. Azərbaycanın sözü dünya ölkələri tərəfindən istədiyimiz kimi qəbul olunur. Azərbaycan Avropaya inteqrasiya yolu seçib. Brüsselə səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənəd bu işlərin daha da genişləndirilməsinə yeni imkanlar açacaq. Dövlət başçısının səfər zamanı yüksək səviyyədə qarşılanması və Azərbaycanın işğal olunmuş əraziləri ilə əlaqədar qərarın qəbul edilməsi bir daha göstərdi ki, dövlətimizin həm Avropa ölkələri, həm də cəmiyyəti ilə ikitərəfli münasibətləri daha da inkişaf etməkdədir. Səfər çərçivəsində keçirilən mühüm tədbirlərdə də qeyd olundu ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına əhəmiyyətli töhfə verir. Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olmaqla yanaşı, Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır. Azərbaycan hər zaman üzərində götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Ölkəmiz heç bir məsələdə iqtisadiyyatı siyasətlə qarışdırmır. Avropa Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihələrdən yararlanır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqının Azərbaycana münasibətini ortaya qoyaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun artdığını təsdiqləmiş oldu. Hesab edirəm ki, Prezidentin Brüsselə səfəri Azərbaycanın həm Aİ, həm də NATO arasında tərəfdaşlıq əlaqələri üçün mühüm töhfə vermiş olacaq ”.

Politoloq Fikrət Sadıqov: “Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı həm Avropa İttifaqı, həm də NATO sammitində iştirak etməsi Azərbaycanla Aİ arasında mövcud olan ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Səfər çərçivəsində dövlət başçısının mühüm görüşlər keçirdiyini dilə gətirən politoloq söyləyib ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənəd ölkəmizin maraqlarına cavab verən sazişdir: “Avropa İttifaqı ilə müqavilənin bağlanması ərəfəsində belə bir sazişin imzalanması mühüm rola malikdir. Digər tərəfdən NATO sammitində Azərbaycanın ərazi bütövlüyü tanındı, qəbul olunan deklarasiyada ölkəmizin suverenliyi, bütövlüyü ilə bağlı xüsusi maddə əlavə olundu. Bütün bunlar Azərbaycan üçün mühüm olmaqla yanaşı, ölkəmizin həm siyasi, həm də diplomatik uğurlarıdır. Lakin bu səfər Azərbaycandan fərqli olaraq Ermənistan üçün gözlənilə olmadı. Buna səbəb düşmən ölkənin Baş nazir Nikol Paşinyanın anlaşılmayan siyasət yürütməsidir. Azərbaycan konkret olaraq NATO ilə Aİ ilə əməkdaşlıq edir və eyni zamanda NATO-da daxil olmaq haqqında planlarımızın olmadığını açıq şəkildə bildirir. Amma Paşinyan nə etdiyini bilmir. Xatırladım ki, Paşinyan hələ hakimiyyətə gəlməmişdən öncə meydanlarda Qərbə üz tutacağını, Rusiyadan imtina edəcəyini bildirirdi. Sonradan o Soçidə Rusiya prezidenti ilə görüşdü və bundan sonra yenə də Avropa, Qərblə münasibətlərinin yaxınlaşdıracağını bildirdi. Paşinyanın Brüssel səfərindən məyus şəkildə qayıtması bir daha göstərdi ki, onun yürütdüyü siyasət Avropa İttifaqı tərəfindən də dəstəklənmir. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Ermənistan faktiki olaraq zəif obrazını bir daha göstərmiş oldu. Azərbaycan Cənubi Qafqazda çox gücü və önəmli oyunçuya çevrilib. Azərbaycan Avropan enerji təhlükəsizliyi ilə təmin edən bir ölkə olmaqla yanaşı, bir sıra mühüm layihələrin təşəbbüskarı və onların həyata keçirilməsində böyük rola malikdir. Avropa İttifaqı ölkəmizin təşəbbüsü ilə həyata keçirilən TANAP, TAP və Cənubi Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsinə rolunu yüksək qiymətləndirir. Bunu bütün Qərb ölkələri də yaxşı bilir və bu Azərbaycanın ən böyük üstünlüklərindəndir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə