Mübariz Əhmədoğlu: “Paşinyan bu təklifi savadsızlığından irəli sürməyib" MÖVQE

“Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu tənzimlənmə ətrafındakı bütün qeyri-müəyyənliklərin açarıdır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, dinc yolla Dağlıq Qarabağ tənzimlənməsi ətrafında Ermənistan rəhbərliyi şüurlu şəkildə baryerlər yaradıb: “Bu maneələri aşmaq ilk baxışda problemli görünür. Əslində heç bir problem yoxdur. Əgər Ermənistan rəhbərliyi danışıqlarda iştirakdan yayınırsa ATƏT MQ-nin əlində onu normal yola gətirmək üçün vasitə yoxdur. N.Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda birbaşa iştirakı tələbi də tənzimlənmə prosesini yubatmaq üçün hesablanıb. N.Paşinyan savadsız olsa da, bu təklifi savadsızlığından irəli sürməyib. O bilir ki, ATƏT MQ-də qərarlar konsensusla qəbul olunur. Onun təklifinin reallaşması üçün Azərbaycanın razılığı lazımdır.

Amma N.Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak təklifi tənzimlənməyə fayda verə bilər. Bu halda Dağlıq Qarabağ azərbaycanlıları da bərabər tərəf kimi danışıqlara qatılmalıdırlar. N.Paşinyan dinc tənzimlənmədə və demokratik dəyərlərdə səmimidirsə, o halda N.Paşinyan Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıı icmalarının arasında dialoqun başlanmasına Ermənistanın əvvəlki rəhbərliyinin qoyduğu qadağanı aradan qaldıracaq. Beləliklə N.Paşinyan Ermənistanın köklü problemləri ilə məşğul olacaq, eyni zamanda Dağlıq Qarabağ tənzimlənməsi prosesi də davam edəcəkdir. Ermənistan və Azərbaycan yalnız Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının əldə etdiyi razılıqları müzakirə edib, qərar qəbul edə bilər.

Dağlıq Qarabağın erməni və azərbaycanlılarının dialoqu günün tələbidir:

I. ATƏT MQ etimadın yaradılması üçün mümkün tədbirlər axtarışındadır. Ən yaxşı mümkün tədbir icmalar arası dialoqdur.

II. Aİ etimad tədbirləri sırasında dəfələrlə Dağlıq Qarabağ erməni və azərbaycanlılarının görüşü istiqamətində cəhdlər edib. Ermənistan buna imkan verməyib. Aİ-nin Ermənistana qarşı mövqeyini yaxşılaşdırmaq istəyən N.Paşinyan ilk növbədə Dağlıq Qarabağ məsələsində Aİ-nin təkliflərinə riayət etməlidir.

III. Ermənistan Aİ-dən vizasız rejim tələb edir. Dağlıq Qarabağdan azərbaycanlıları deportasiya edən, Dağlıq Qarabağ azərbaycanlılarının hətta məzarlarının ziyarəti üçün Dağlıq Qarabağa buraxmayan Ermənistan hökumətinin Aİ-dən vizasız rejim alması nonsensdir. Çünki Ermənistan Aİ məkanında sərbəst yerdəyişmə azadlığını məhdudlaşdırır. Aİ ilə Ermənistan arasında vizasız rejim barədə mövzu aktuallaşdıqca Azərbaycanın da bu məsələdə mövqeyi irəliləyəcəkdir. Ona görə Ermənistan indidən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində sərbəst yerdəyişmə azadlığına qoyduğu məhdudiyyətləri mümkün qədər tez aradan qaldırmalıdır.

ATƏT MQ və Aİ Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun qurulması məsələsində pessimistliklərini unutmalıdırlar. Çünki Dağlıq Qarabağ erməniləri N.Paşinyan hökumətinin razılığı olmadan da Dağlıq Qarabağ azərbaycanlıları ilə dialoqa gedə bilərlər. Dağlıq Qarabağda buna hazır olan ermənilərin sayı hədsiz çoxdur. Sadəcə ATƏT MQ və Aİ konkretlik nümayiş etdirməlidir. Bu da sonda Dağlıq Qarabağda sabitliyin yaranmasına gətirib çıxaracaqdır. Beləliklə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində keyfiyyət dəyişikliyi baş verər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə