“Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz” ÖZƏL

“Ermənistan politoloqu Stepan Safaryanın “NATO-nun Brüssel sammitinin yekun sənədində postsovet məkanında yaranmış bütün münaqişələrlə birlikdə Qarabağ münaqişəsinin ərazi btüövlüyünün təmin edilməsi çərçivəsində həll edilməsinin vacib sayılması Ermənistan üçün təhlükəlidir”, fikri Ermənistanda baş verən son hadisələrlə bağlıdır”. Bunu SİA-ya açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov deyib.

Sabiq köməkçinin sözlərinə görə, Ermənistanda qeyri-ciddi şəxslərin hakimiyyətə gəlməsindən sonra biz bu cür sərsəm və qeyri-ciddi bəyanatların şahidi oluruq: “Ermənistanın baş naziri Nikol Paşinyan da bildirmişdi ki, danışıqlarla bağlı heç bir hazırlıq işləri aparılmır. Bu onu göstərir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesə ciddi yanaşmırlar. Əlbəttə ki, bu onların marağında deyil. Azərbaycan bütün beynəlxalq təşkilatlar vasitəsilə münaqişənin həlli ilə bağlı Ermənistana təzyiq edir. Ermənistan artıq təcrid olunmuş ölkədir və çətin bir durumdadır. Orada baş verən inqilablar, hakimiyyət dəyişiklikləri də onu göstərir ki, işğalçı ölkədə artıq sosial partlayış baş verib. İnsanlar sosial durumdan, münaqişədən narazıdırlar. Ermənistan xalqı bunların əlindən bezib. Hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq yenidən işğalçı ölkədə inqilablar davam edir və camaat etiraz edir. Onlar sosial durumlarının yaxşılaşmasını istəyirlər. İstəmirlər ki, müharibə olsun. Çünki onlara Qarabağ lazım deyil.

Ermənistanda hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq orada vəziyyət düzələn deyil. Ermənistanın inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. NATO, Avropa İttifaqı birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu özü-özlüyündə onu tələb edir ki, Ermənistan işğal olunmuş ərazilərdən çıxsın. Lakin işğalçı ölkə çalışır ki, bunu ayrıca bir fakt kimi qələmə verək. Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə