Musa Qasımlı: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir" ÖZƏL

“İtaliya Respublikası dünyanın Böyük yeddilərindən biri və NATO-nun üzvüdür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı İtaliya prezidentinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və İtaliya bir-biri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlıq edirlər: “Xüsusən geniş olan ticarət-iqtisadi əlaqələrin böyük potensialı vardır. Digər tərəfdən, İtaliya dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini yaxşı bilir və ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. 1992-ci ildən bu məsələlərin həlli ilə bağlı sədr mandatını daşımışdır. İtaliya bu sahədə indi də müəyyən işlər görə bilər. İtaliya Respublikasıınn Prezidenti Sercio Mattarellanın ölkəmizdə keçirilən Prezident seçkilərindən az sonra Bakıya səfəri cənab Prezidentimiz İlham Əliyevin liderliyində Azərbaycan Respublikası ilə daha sıx əməkdaşlıq etmək istəyini və bu əməkdaşlığın gələcəyinə böyük nikbinliyi ifadə edir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə