“Qarşılıqlı səfərlər münasibətlərimizin möhkəmlənməsinə xidmət edəcək” ÖZƏL

“İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında olan dostluq münasibətlərinin göstəricisidir. Təbii ki, prezidentlərin hər bir səfəri ölkəyə böyük müsbət dəyişikliklər gətirir. O dəyişikliklər həm iqtisadi, həm də siyasi sahədə özünü göstərməyə başlayır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya prezidenti ilə görüşündə müzakirə ediləcək söhbətlər də təbii ki, bu istiqamətə yönələcək: “Birinci növbədə bizim ən böyük problemimiz olan torpaqlarımızın işğal altında olmasıdır. Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması problem müzakirə olunacaq. Daha sonra isə iki ölkə arasında iqtisadi əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi istiqamətində düşünürəm ki, müzakirələr gedəcəkdir. Çünki Azərbaycan artıq TAP layihəsini başa çatdırmaq üzrədir. Bu layihənin reallaşması və yaxud prezidentlərin ölkələrə qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə