Qabil Hüseynli: “Ermənistan sarsaq prinsiplə hərəkət etməməlidir" ÖZƏL

“Artıq Ermənistan politoloqu Stepan Safaryan da etiraf edir ki, NATO-nun Brüssel sammitinin yekun sənədində postsovet məkanında yaranmış bütün münaqişələrlə birlikdə Qarabağ münaqişəsinin ərazi btüövlüyünün təmin edilməsi çərçivəsində həll edilməsinin vacib sayılması Ermənistan üçün təhlükəlidir. Hətta mən deyərdim ki, təhlükəlidir ifadəsi çox yumşaq ifadədir. Bu, artıq beynəlxalq hüququn təməl prinsiplərindən birinə çevrilmiş müddəadır. Bu müddəadan kənara çıxmağa heç kimin haqqı olmayacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, ATƏT-in əvvəlki sammitlərində müəyyən yalnışlıqlara yol verərək Azərbaycanın ərazi bütövlüyü məsələsinə müəyyən tərəddüdlər olmuşdu: “Artıq o tərəddüdlər 2013-cü ildən başlayaraq aradan götürülməyə başlanıb. Həm Avropa Birliyinin siyasi rəhbərliyi, həm də NATO-nun Zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü məsələsi birmənalı qaydada vurğulanmışdır. Bununla da beynəlxalq hüququn tələbi Azərbaycana da şamil edilməyə başlanmışdır. Qərb dövlətləri özlərinin tərəddüdlü mövqeyini ikili standartlarla da, eləcə də buna bənzər başqa düzməcələrlə yozmağa çalışsalar da artıq bu mövqenin düzgün olmadığını başa düşüblər. Beləcə Azərbaycanın ərazi bütövlüyü məsələsində tərəddüdsüz mövqe tutmağa başlayıblar.

Zənnimcə, bu, həm ədalətin öz yerini tutmasına, həm də beynəlxalq hüququn təməl prinsiplərinin Sovet məkanındakı bütün münaqişəli ocaqlara tətbiq edilməsinə şərait yaradır. Ermənistandan bundan nəticə çıxarmalıdır. Ermənistan bu məsələdə sarsaq prinsiplə hərəkət etməməlidir. Onsuz da perspektivsiz olan işğalçı, təcavüzkar mövqeyindən imtina etməlidir və Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında səsləndirilən və həyata keçirilməsini tələb edən müddəa ilə razılaşmalıdır. Azərbaycanın ərazi bütövlüyü mövqeyinin dünya miqyasında tanınması prosesi gedir. Bu prosesin alternativinin olmadığını artıq ermənilər də başa düşməlidir və özlərinin inkişafına mane olan indiki durumdan çıxmaq üçün ciddi kompromislərə getməyə özlərində hünər tapmalıdırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə