Ermənistan dövlət çevrilişinə demokratiya donu geyindirir TƏHLİL

Nikol Paşinyanın Brüsseldə baş tutan rəsmi görüşlərinin Ermənistan mətbuatında şişirdimiş, təhrif olunmuş şəkildə verilməsi yenə də daxili auditoriyaya hesablanıb. Donald Tuskun hər zaman Ermənistanın dostu olduğunu bildirməsi diplomatiyadır, burda qeyri-adi heç nə yoxdur, yaxud bu fikir Ermənistana, Paşinyana xüsusi məhəbbət və rəğbət anlamına gəlmir. Paşinyanın çox vədlər verdiyini dilə gətirən Tusk islahatların həyata keçirilməsində Aİ tərəfindən yardım gözləyə, bu yardıma ümid edə biləcəklərini deməsi də normal və qəbuledilən haldır ki, bunu da xüsusi şəkildə vurğulamaq, Ermənistana, yaxud Paşinyana simpatiya kimi qələmə vermək doğru deyil.

Brüssel səfəri çərçivəsində Paşinyan da öz növbəsidə bəyan edirsə ki, Ermənistanın yeni hakimiyyətinin məqsədi demokratiyanın qələbəsini möhkəmləndirmək və bu yolda Avropa İttifaqı ilə yaxın əməkdaşlıq qurmaqdır, deməli yenə də hiyləgərlik edir. Əvvəla Paşinyanın yeni hakimiyyət dediyi öz başçılığı altında olan hakimiyyət demokratik yolla hakimiyyətə gəlməyib və dövlət çevrilişini demokratiya kimi qələmə verməkdə böyük səhv edir, yaxud, yenə də manipulyasiya etmək fikrindədir. Digər tərəfdən Nikol özü də yaxşı bilir ki, Avropa bütün oyunlarını demokratiya pərdəsi arxasında həyata keçirir və bu zaman pafosla istifadə etdiyi demokratiyanı alətə çevirir. Nə Avropanı, nə də digərlərini Ermənistan kimi xırda, həm də səfalət içində olan, heç bir təbii sərvətə malik olmayan, bir sözlə, potensialı olmayan ölkənin demokratik, ya qeyri-demokratik olması maraqlandırmır. Əksinə, Ermənistan yalnız bölgədə nəzarət baxımından maraq dairəsində ola bilər ki, buna da artıq demokratiyanı alət edənlər Paşinyanın sayəsində, onun marianetliyi ilə şərait yarada bilib.

Ermənistanın baş nazirinin ikicə gün ərzində qondarma əlaqələr qurması uydurmadan başqa bir şey deyil

Ermənistan mətbuatı yenə də pafosla Paşinyanın isti qəbul edilməsindən, müxtəlif ölkələrin prezidentləri, həmçinin Avropa İttifaqının səlahiyyətliləri tərəfindən maraqla qarşılanmasından yazır. Hətta gələcək perspektivlər, əlaqələr və əməkdaşlıqlar barədə optimist proqnozlar verməkdən də çəkinmirlər. Paşinyanın nəzarəti və təsiri altında olan kütləvi informasiya vasitələri nəinki siyasi, hətta iqtisadi əməkdaşlıq, maliyyə münasibətlərindən də dəm vurur. Bu absurd iddiaların və proqnozların əlbəttə ki, həqiqətlə heç bir əlaqəsi ola bilməz və Nikolun bu ikicə gün ərzində qondarma əlaqələr qurması uydurmadan başqa bir şey deyil.
Yeni baş nazirin Brüsselə rəsmi səfər etdiyi halda bu iqtisadi və maliyyə münasibətləri barədə danışıqlar hansı məcrada baş verib, bu çox gülünc səslənir. Əvvəla Ermənistanın müzakirə ediləcək siyasi məsələləri, daha doğrusu müzakirə mövzusu olan problemləri azmıdır ki, rəsmilər başqa istiqamətdə danışıqlara yol versinlər? Ermənistanın yeni, nümayişçi baş naziri yoxsa bir anda bütün problemləri həll edib və indi qalıb iqtisadi əlaqələr, yaxud maliyyə münasibətləri? Digər tərəfdən siyasi müstəvidə hansı iqtisadi əlaqələrdən, maliyyə münasibətlərindən söhbət gedə bilər? Erməni mətbuatı, Paşinyanın təbliğat maşını kimi aldatmaq fikrindədir və dünya ictimaiyyəti bütün bunların fərqində deyilmi?
Zənn edək ki, N.Paşinyan rəsmi görüşlər çərçivəsində vaxt tapıb, imkan tapıb iqtisadi əlaqələr, maliyyə münasibətlərini, əməkdaşlıq məsələlərini müzakirəyə çıxara bilib. Bəs sual oluna bilər ermənilərlə iqtisadi əməkdaşlıq etməyə əcnəbiləri nə maraqlandırır? Niyə belə həvəs yarana bilər Ermənistanla maliyyə münasibətlərinə, əməkdaşlığa? Yoxsa Ermənistanın təbii ehtiyatlara, sərvətlərə sahib olmadığından o boyda rəsmilər xəbərisizdir? Bəlkə regionda reallaşdırılan qlobal layihələrdən Ermənistanın kənarda qalması, marginallaşması barədə də məlumatsızdır rəsmilər? Yaxud ermənilər bəlkə elə bir həcmdə məhsul istehsal edirlər ki, bunun dünya bazarına çıxarılması hansısa əcnəbini maraqlandırır? Bu işğalçı ölkə hansı sənaye, yaxud kənd təsərrüfatı məhsulu istehsal və tədarük edir ki, əməkdaşlığa, iqtisadi əlaqələrə, maliyyə münasibətlərinə əcnəbilər ehtiyac duyur? Sual olunacaq məqamlar çoxdur və Ermənistan haqqında zərrə qədər təsəvvürü olan hər kəs çox yaxşı başa düşür ki, bu ölkə ilə əlaqələr qurulmasının heç bir mənası yoxdur və indi Paşinyanın təşviqat ordusunun dövriyyəyə buraxdığı şişirtmə informasiyalar ağ yalandır.

Cəmi 20 gün küçə və meydanlarda hay-küy salan nümayişçinin bir xalqa azadlıq və demokratiya gətirməsi gülünc səslənir

Avropa bundan sonra Ermənistanı özünün böyük ailəsinin bir hissəsi hesab edir kimi təşviqat da Paşinyanın daxili auditoriyaya hesablanmış taktikasıdır. Güya ki, Ermənistan hazırda Avropa üçün Gürcüstan və Ukraynadan da daha önəmli, daha dəyərlidir. Sanki, Nikolun sehrli çubuğu ilə Ermənistan bir anda Avropa üçün qardaş ölkəyə çevrilib və indi ermənilər elə bir təşviqat aparmağa çalışırlar ki, güya küçə nümayişçisi öz demokratiyası ilə Avropanı heyran qoyub və erməni xalqı dünyanın ən demokratik xalqıdır. Məhz bu baxımdan da elə bil bütün dünya ermənilərlə əlaqələrdən, əməkdaşlıqdan ötrü dəridən-qabıqdan çıxır və bu işdə Paşinyanın fədakarlığı müqaisəyə gələcək deyil. Hətta erməni KİV-ləri Nikolun 20 gün meşədə, küçələrdə, çadırda qalmasını bayraq edib elə bir təsəvvür yaratmaq istəyirlər ki, sanki, Paşinyan bu fədakarlığı ilə ermənilərə azadlıq və xoşbəxtlik bəxş edib. Cəmi 20 gün küçə və meydanlarda hay-küy salan nümayişçinin bir xalqa azadlıq və demokratiya gətirməsi gülünc səslənir.
Ermənistanda baş verən məxməri inqlab və hadisələrin gedişi bütün dünya ictimaiyyətinin gözü qarşısında cərəyan edib və indi kimisə qəhrəmana çevirmək cəhdləri əbəsdir. Nikolun çiynində canta küçədə hay-küy salması Serjin vecinə də deyildi, onun nümayişçiyə postu təhvil vermək niyyəti də yox idi və bunu bəyan etmişdi də. Paşinyan da, erməni cəmiyyəti də, ümumilikdə bütün dünya ictimaiyyəti də çox yaxşı bilir ki, Rusiyanın nəzarətində olan hərbçilərin pərakəndə halda küçələrə dağılması bir anda vəziyyəti Nikolun xeyrinə dəyişdisə və Serj istefa vermək məcburiyyətində qaldısa, bu Paşinyanın sayəsində baş vermədi, onun xidməti xesab oluna bilməz. Ermənistanda yaranan bu mənzərə demokratiya görüntüsünü yox, hakimiyyət çevrilişini xatırladır və bu halda Paşinyanın qəhrəman kimi təqdim edilməsi əlbəttə ki, absurddur və inandırıcı da deyil.

Nikol Paşinyan siyasətçi, idarəçi, yaxud sehrbaz deyil, Qərbin marianetidir

Bu gün Paşinyanın xidməti, nailiyyəti kimi təqdim edilən nümayişlər və onların nəticəsinin Qərb siyasəti olduğunu bilməyən yoxdur. Heç kimə sirr də deyil ki, beli çantalı Nikol nə siyasətçi, nə idarəçi, nə də sehrbaz deyildi və onun əslində Qərbin bir marianeti olduğu da bəllidir. O da bəllidir ki, Paşinyan əgər tam əvvəlcədən işlənmiş ssenari üzrə, təyin olunmuş xətlə hərəkət edirdisə deməli bu ssenarini, bu yolu bir cızan, tərtib edən var və bunun Qərb olduğuna zərrə qədər şübhə yoxdur.
Ermənistanda cərəyan edən hadisələrin gedişatına nəzarət və təsir edən Qərblə yanaşı həm də Rusiya vardı və son nöqtəni də qoyanın kim olduğunu nəzərə alsaq Rusiya faktorunun mahiyyətinin də fərqində olmaq çətin deyil. Müqaisə etmək çətin deyil ki, Qərbin əli ilə qızışan, günlərlə davam edən hadisələr Rusiyanın barmağı ilə kuliminasiya nöqtəsinə çatırsa və məntiqi sonluğa dərhal nail olunursa, deməli ermənilər hər zaman olduğu kimi daha çox rusların təsiri altındadır və bölgədə ruslar hələ də daha böyük təzyiq rıçaqlarına, daha geniş imkanlara malikdir. Məhz buna görə də erməni mətbuatında xüsusi olaraq vurğulanır ki, Paşinyanın Qərbə meyl etməsi Moskvanın qısqanclığına səbəb olub. Ermənilər bununla Rusiyadan çəkindiklərini, qorxduqlarını və ehtiyat etdiklərini açıq şəkildə etiraf da edirlər. Etiraf edirlər ki, Rusiya faktoru qarşısında Avropada belə saymazlıqla rəsmi görüşlər, müzakirələr ermənilərə baha başa gələ bilər. Gələcək də.
Doğrudur indi hakimiyyət kürsüsünü ələ keçirən küçə nümayişçisinin imza atdığı dövlət çevrilişini sivil yolla əldə etməsi təsəvvürünü yaratması üçün demokratik görüntü yaratmaq cəhdi yeganə çıxış yoludur. Bu işdə Qərb də Nikola yardımçı olmaqdan çəkinmir ki, öz oyunlarını ört-basdır etsin. Amma Rusiya hər iki tərəfin, ələlxüsus ermənilərin bu özbaşınalıqlarını, əsrlərlə himayə etdikləri, dövləti, torpaqları belə hədiyyə etdikləri, əslində isə özünün heç nəyi olmayan bir dövlətin saymazlığını bağışlamayacaq. Bu baxımdan ermənilər özləri də rusların hər an endirə biləcəyi qapazdan əmindirlər. İndi Paşinyanın Vladimir Putinə sərt cavab verdiyini vurğulayan erməni mətbuatı da, erməni ictimaiyyəti də bilir ki, bütün bu oyunlar müvəqqətidir və Moskvanın səbr kəsası dolduğu an bütün oyunlara, ermənilərin bütün ərköyünlüklərinə son qoyulacaq. Erməniləri Qafqazda yerləşdirən, hər zaman qarşılıqsız olaraq təmin edən Rusiya təbii ki, yaratdığı Ermənistanı Qərbə hədiyyə etmək niyyətində ola bilməz və ən yaxın zamanda ermənilər başları üstündə rusların dəyənəyini görəcəklər. Gah Qərbə, gah da Rusiyaya meyl edən ermənilərin eyni anda hər ikisini qazanmaq cəhdinin onları hər ikisindən məhrum edəcəyi də inkar edilə bilməz. İndi öz mənafeyi naminə, öz adı və şəxsi nüfuzu xatirinə, özünü demokrat kimi qələmə verməsi üçün Qərbə meyl edən Nikol, əvəzində Rusiyanı qıcıqlandırıb bütün Ermənistanı təhlükə altında qoyur. Ağız dolusu mən Ermənistan üçün çalışıram deyən bu manipulyator əslində erməni tarixinin ya sonunu gətirəcək, ya da bölgədə marginallaşmış erməniləri ruslar qarşısında tamamilə əsirə çevirəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə