Ermənistan növbəti siyasi böhrana doğru istiqamət alıb TƏHLİL

Erməni politoloqlar Paşinyanın reytinqini itirəcəyi proqnozunu verdilər

2019-cu ilin aprel-may aylarında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Lakin ölkədə siyasi böhranın həll edilməməsi, hətta Nikol Paşinyanın parlamentdə yeni seçki kodeksini birinci oxunuşdan qəbul edilməsinə nail olmaması ölkənin siyasi-ictimai dairələrində suallar doğurur. Ermənistanın tanınmış politoloqları, siyasi texnoloqları Paşinyan iqtidarının növbədənkənar parlament seçkilərinə qədər reytinqini itirəcəyini əminliklə vurğulayırlar. O cümlədən, müxalifətin həmin seçkilərdə müəyyən uğurlar əldə edə biləcəyi ətrafında da iddialar səslənir.

Politoloq Sari Saroyan: “Əgər ciddi və ideoloji müxalifət yaradıla bilərsə, yeni reputasiyalı hökumətin nüfuzu təhlükə altında qala bilər”.

“Kim siyasətdə proqressivdirsə, o da uğur qazanır”. SİA xəbər verir ki, bu fikirləri Ermənistanın 1in.am portalına politoloq Sari Saroyan ölkəsində keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrini proqnozlaşdırarkən deyib. Erməni politoloqunun fikrincə, növbədənkənar parlament seçkilərində müxalifət cinahından çıxış edənlər proqressiv olmasalar, birmənalı olaraq, uduzacaqlar. Baş nazir Paşinyana qarşı hansı siyasi qüvvənin real rəqib ola biləcəyi sualını cavablandıran Saroyan deyib: “Hansı qüvvələr ki, idarəetmə sistemində mövqe sahibi olmaq istəyirlərsə, hər hansı platformaları ilə öz şanslarını qiymətləndirməyi bacarmalıdırlar”.

Erməni politoloquna görə, hələlik, seçkilərdə iştirak edəcək hansı siyasi qüvvələrin konkret formatı barədə nə isə demək çətindir. Bununla yanaşı, Saroyan qeyd edib: “Əgər ciddi və ideoloji müxalifət yaradıla bilərsə, yeni reputasiyalı hökumətin nüfuzu təhlükə altında qala bilər”.

Görünən budur ki, Saroyan müxalifətin seçkilərə ciddi və inamlı gedəcəyi halda qalibiyyət əldə edəcəyini istisna etməyib. Bu isə ölkədə yeni siyasi qarşıdurmaların yaranması ilə də nəticələnə bilər. Çünki Nikol Paşinyan bütün hallarda yenicə əldə etdiyi hakimiyyətini kimsəyə təhvil vermək fikrindən uzaq olduğunu bu və ya digər şəkildə nümayiş etdirir.

Siyasi texnoloq Armen Badalyan: “Kim deyir ki, hazırkı hakimiyyətin nüfuzu yüksəkdir?”

Digər erməni siyasi texnoloqu Armen Badalyana görə isə, digər siyasi qüvvələr mövcud iqtidarın reytinqi cəhətindən sıxışdırılmayacaq. “Ona görə ki, hazırkı hökumət yalnız taktiki problemləri həll edir, halbuki ortada ciddi proqram fəaliyyəti yoxdur”-deyə Badalyan bildirib. Onun sözlərinə görə, Paşinyan iqtidarının daha ciddi proqramı olmalıdır, eləcə də müxalifətin ə proqramları ciddiliyə əsaslanmalıdır ki, onlar növbədənkənar parlament seçkilərində uğur əldə edə bilsinlər. “ Proqramlar isə bütün sahələri əhatə etməlidir”-erməni siyasi texnoloqu deyib.

Maraqlıdır ki, Armen Badalyan Paşinyan iqtidarının yüksək reytinqə malik olması barədə fikirləri qəbul etmir. “Növbədənkənar parlament seçkilərində digər siyasi güclər iqtidarın mövcud reytinqi qarşısında problemlər yaşaya bilərmi?” sualını cavablandıran Badalyan cavab verib: “Xeyr, problem yaşlamayacaqlar. Kim deyir ki, hazırkı hakimiyyətin nüfuzu yüksəkdir? Kütlədə belə bir geniş fikir formalaşıb ki, mövcud iqtidar əla reputasiyaya malikdir və s. Birincisi, “əla reputasiya” dedikdə, biz nə başa düşdüyümüzü anlamalıyıq. Bu suala isə sosioloqlar cavab verə bilərlər, lakin bizim Ermənistanın sosioloqlarına inamımız itib.

Ümumilikdə isə biz reytin hesablaması ilə danışa bilərik ki, bu da 50%+1 ola bilər, artıq deyil. Bu, çox müəmmalıdır”.

İddia: “Əgər digər qüvvələr sıxışdırılmayacaqlarsa, onlar savadlı kampaniya aparmağa nail olacaqlarsa, hazırkı iqtidara qalib də gələ bilərlər”

Erməni siyasi texnoloqu xatırladıb ki, növbədənkənar parlament seçkiləri qarşıdan gələn bazar günü deyil, gələn ilin aprel-may aylarında keçiriləcək. Belə ki, texniki olaraq, həmin zamana qədər seçkiləri keçirmək mümkün deyil: “Artıq, yayın ortalarıdır, avqustda isə məzuniyyət mövsümüdür. Ötən müddətdə isə seçki kodeksi qəbul edilmədi, hətta birinci oxunuşda belə. Çox yəqin ki, kodeks sentyabrda qəbul ediləcək, ikinci oxunuş isə payızda baş tutacaq. Yəni seçki kodeksi ilin sonuna kimi hazır olacaq, ondan sonra isə seçkilərin keçirilməsinə 6 ay lazımdır”.

Badalyan Paşinyan iqtidarının hazırkı məqamda əldə etdiyi reytinqinin gələn ilin aprel-may aylarında olmayacağı qənaətində olduğunu bildirib. O, iddia edib: “Əgər digər qüvvələr sıxışdırılmayacaqlarsa, onlar savadlı kampaniya aparmağa nail olacaqlarsa, hazırkı iqtidara qalib də gələ bilərlər”.

Beləliklə, fakt budur ki, Ermənistanda gələn ilin aprel-may aylarında keçiriləcək növbədənkənar parlament seçkiləri ətrafında müəyyən fikirlər üst-üstə düşür. Daha dəqiq desək, erməni politoloqları Paşinyan hakimiyyətinin həmin zamana qədər reytinqini itirəcəyini proqnozlaşdırırlar. Bu isə Ermənistanda növbəti siyasi böhranın mövcud siyasi böhrana qarışacağı ehtimalını artırır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə