Media kapitanları Prezidentin mətbuata diqqətini yüksək qiymətləndirirlər ÖZƏL-RƏYLƏR

Azərbaycançılıq ideologiyasının formalaşmasında, təbliğində, yayılmasında önəmli rolu olan Azərbaycan milli mətbuatı bu müqəddəs ideologiyanın ən güclü daşıyıcısıdır. Milli mətbuatımız və azərbaycançılıq yüz ildən artıqdır yol gəlir. 143 ildir milli mətbuatımız azərbaycançılıq ideologiyasının yorulmaz tərənnümçüsü, təbliğatçısı kimi özünü göstərə bilir. Gizlin deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması günün tələblərinə cavab verən mühüm addım olaraq dəyərləndirilir.

Milli mətbuatımızın 143 illik yubileyi ərəfəsində dövlət başçısı İlham Əliyev ötən gün ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzaladı. Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Azərbaycanın media kapitanları, baş redaktorları cənab Prezident İlham Əliyev tərəfindən atılan bu hümanist addımı bu cür dəyərləndirdilər. SİA onların təəssüratlarını sizə təqdim edir:

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan mediasına diqqəti zaman-zaman olub. Demək olarki hər il Azərbaycan mediası üçün dövlətin imkanları daxilində lazımi dəstək göstərilir. Azərbaycan yeganə ölkədir ki, burada medianın inkişafı üçün dövlət dəstəyi konstitusiyası var və sistemli şəkildə mediaya yardım göstərilir. Həmçinin bu sistemli yardımdan başqa birdəfəlik yardımlar da olunur. Zaman göstərir ki, cənab Prezidentin bu addımı çox hümanistdir və doğrudur. Çünki son illərin təcrübəsi göstərir ki, bu cür yardımlar sayəsində Azərbaycan mediası özünün həm texniki imkanlarını xeyli artırıb, həm də peşəkarlıq, kadr yetişdirilməsi baxımından kifayət qədər uğurlu nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əldə edilməsində həmin dəstəyin rolu var.

Təsadüfi deyil ki, son bir neçə il ərzində baş verən hadisələr zamanı istər aprel hadisələri vaxtı, istər bugünkü söyüş kampaniyalarına cavab verilməsi vaxtı, istərsə də Gəncə hadisələri vaxtı medianın davranışları onu göstərdi ki, media dövlətimizin yanındadır və bu öz mövqeyini çox peşəkar şəkildə ifadə edə bilir. Həmçinin Azərbaycanda ictimai rəyin düzgün istiqamətlənməsində yaxından rol oynayır. Zaman göstərir ki, media ayrılan o yardımlardan çox səmərəli şəkildə istifadə edir və özünün peşəkarlığının, texnoloji imkanlarını artırıb. Azərbaycan dövləti gücləndikcə mediaya olunan qayğılar daha da artacaq və inkişaf edəcək”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu: “Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata və jurnalistikaya göstərdiyi dəstəyi sayəsində ölkə mediası sözün əsl mənasında keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Bu, ümumilikdə, müstəqil Azərbaycanın mətbuat tarixində məzmun etibarilə yeni, fərqli, daha dinamik, mütərəqqi mərhələnin başlanması kimi dəyərləndirilə bilər. Dövlətin və vətəndaş cəmiyyətinin hərtərəfli inkişafında kütləvi informasiya vasitələrinin, medianın özünəməxsus rolu var. Media ictimai rəyin formalaşdırılması ilə yanaşı, müxtəlif təmayüllərin cəmiyyətdə təşəkkül tapması üçün əsas vasitədir. Azərbaycan Mətbuat Şurasının medianın fəaliyyətini səmərəli şəkildə əlaqələndirməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun media qurumlarının inkişafına hərtərəfli yardımı nəticəsində bu istiqamətdə vəziyyəti nəzərəçarpacaq dərəcədə müsbət yöndə dəyişib. Sevindirici haldır ki, son illər milli mətbuatımız ölkəmizdə gənc nəslə vətənpərvərlik hissinin aşılanması, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi istiqamətində böyük uğurlar əldə edib.

Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələrinə mənzillərin verilməsi ilə bağlı göstərişi ölkəmizin media və vətəndaş cəmiyyətinə olan dövlət qayğısının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” əsasında mühüm layihələr icra edilir. Onlardan biri də məhz jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardır. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrini mənzillə təmin etmək kimi təcrübəyə malikdir. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən jurnalistikaya edilən bu diqqət və qayğı dünyanın digər ölkələrində sosial dövlət modeli olaraq tətbiq ediləcək”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu: “Azərbaycan mətbuatının problemləri və qayğıları daima Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olub. Mediamızın bugünki inkişafı, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin peşə nüfuzunun artırılması, onların məişət problemlərinin həll edilməsi, evlə təmin olunması, çap məhsullarının əlavə dəyər vergisindən azad olunması və s. kimi mühüm məsələlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Son illərdə idxal edilən qəzet kağızının bizdən asılı olmayan səbəblərdən bahalaşması çap mediası üçün müəyyən çətinliklər yaratmaqdadır. Belə məqamda Azərbaycan Prezidentinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) vasitəsilə mətbuatımıza birdəfəlik yardım ayırması olduqca böyük hadisədir və düşünürəm ki, mümkün problemləri əvvəlcədən həll etmək baxımından olduqca əhəmiyyətlidir. Cənab Prezident informasiya təhlükəsizliyi məsələlərinə çox böyük önəm verir və onu milli təhlükəsizliyimizin əsas komponentlərindən biri kimi qiymətləndirir. Bu milli mətbuatımıza verilən çox böyük qiymətdir. Doğurdan da postmodernist cəmiyyətlər əsas etibarilə informasiya cəmiyyəti kimi xarakterizə olunur və informasiya belə cəmiyyətlərdə əsas institutlardan bir kimi kimi çıxış edir.

Azərbaycanda da demokratik və açıq cəmiyyət mövcud olduğu üçün informasiya resurslarının keyfiyyəti əslində elə ictimai şüurun keyfiyyətini müəyyənləşdirir ki, bu da çox vacib bir məsələdir. İctimai şüur milli maraqların və dövlətçilik maraqlarının qorunması baxımından başlıca intellektual faktorlardan biridir. Ona görə də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin qorunması milli mətbuatımızın fəaliyyəti ilə birbaşa bağlıdır. Bütün bunlar isə mediamızın inkişafını zəruri edir. Prezident İlham Əliyevin artıq ənənə halını alan bu cür birdəfəlik yardımları mətbuatımızın inkişafına böyük töhfədir və biz media mənsubları bunu çox yüksək qiymətləndirməliyik. Bu bir daha onu göstərir ki, Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Cənab Prezidentin ötən gün imzaladığı sərəncam mediamıza Azərbaycanda dövlət dəstəyinin fasiləsiz bir prosesə çevrildiyini göstərən növbəti addımdır. Ölkəmizdə mediaya dövlətin dəstəyi artıq bir institut kimi formalaşıb və ildən-ilə təkmilləşir. Son illər biz mediaya dövlət dəstəyinin mövcud olan formalarına bir neçə əlavələrin edildiyini görürük. Belə ki, son 5-6 ildir ki, jurnalistlər əvəzsiz olaraq mənzillərlə təmin olunur, KİV-lərə birbaşa maliyyə yardımları ayrılır, jurnalistlərə müsabiqə yolu ilə maddi dəstək verilir, Kütləvi İnformasiya Vasitələrin İnkişafına Dövlət Dəstəyi Fondunun yarandığı 2009-ci ildən bu günə kimi qəzetlərə müsabiqə əsasında yardım göstərilir. Son bir neçə ildə Milli Mətbuat günündə çap mediaya Cənab Prezidentin fondundan birbaşa maliyyə yardımı ayrılır.

Mediaya dövlət dəstəyi institutunun bundan sonra da, Azərbaycanda təkmilləşəcəyinə əminliyini ifadə edən baş redaktor söyləyib ki, medianın daha çox dövlətçi, vətənpərvər olması üçün özündən asılı olan hər şeyi edəcək: “Belə vəziyyətdə bizim üzərimizə düşən vəzifə dövlətin göstərdiyi təmənnasız dəstəyə rəğmən özümüzün vətəndaşlıq və dövlətçilik borcumuza sadiq qalmaq, ən çətin anlarda vətənin yanında olmaq, dövlətimizə, xalqımıza qarşı kənardan uzanan əllərin kəsilməsi üçün imkan və səlahiyyətlərimiz daxilində fəaliyyət göstərməkdir. Xüsusilə də son Gəncə hadisələri göstərdi ki, dövlətimizin əleyhinə kənardan medianın əli ilə edilən cəhdlərin qarşısının alınmasında biz medianın rolu böyükdür. Göstərilən diqqətə görə, dövlət başçısına təşəkkür edirəm”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkə mətbuatına diqqət və qayğı göstərib, problemlərinin həllinə çalışıb və buna da nail olub. Sevindirici haldır ki, Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələrinə təmənnsız mənzillər təqdim edib. Eləcə də qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında ciddi tədbirlər görülüb. Təbii ki, bu tədbirlər hələ Ümummilli Lider Heydər Əliyevin zamanında olmuşdu. Hesab edirəm ki, Azərbaycanda ənənələrin formalaşmasında məxsusi rolu olan Ümummilli Liderimiz Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev Azərbaycan jurnalistlərinin çox yaxın dostu idi. Ulu öndər Heydər Əliyev bizim bütün problemlərimizə çox həssas yanaşan, onları diqqətlə öyrənən və bu problemlərin həlli yolunda çox ciddi addımlar atan böyük dövlət xadimi idi. Hazırda bu kurs cənab İlham Əliyev tərəfindən uğurla davam olunur.

Milli Mətbuat Günü ərəfəsində bizə Prezident İlham Əliyev tərəfindən bu cür yardımların ayrılması artıq ənənə halını alıb. Dövlət başçısına öz təşəkkürümüzü bildiririk. Bu kimi addımlar dünya üçün bir örnək sayıla bilər. Azərbaycan jurnalistlərinin sosial problemlərinin, maddi-texniki bazasının möhkəmləndirilməsi çox ciddi addımlardan biridir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə