Ermənistanın danışıqları pozmaq üçün növbəti təxribat cəhdi ŞƏRH-ÖZƏL

“Ermənistanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycana dair münasibətlərdə heç bir dəyişiklik edilməyib. Düşmən ölkə üzdə sülh istədiyini, arxa da isə təxribatlara əl atmaqla ənənəvi siyasətini davam etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, düşmən ölkə sərhəddə süni şəkildə insident törətməklə danışıqlar prosesində bu məsələni qabardıb problemin həllindən yayınmağa çalışır: “Azərbaycan tərəfi məsələni neytrallaşdıraraq, diqqəti münaqişənin həllinə yönəltməyə çalışsa da, təəssüf ki, düşmən tərəf öz istəyinə nail ola bilir. Onlar müxtəlif bəhanələrlə danışıqlardan yayına bilirlər”.

ATƏT-in Minsk qrupu tərəfindən Ermənistanın addımlarına layiqli qiymət verilmədiyini dilə gətirən İ. Vəlizadə söyləyib ki, hazırda işğalçı ölkə yeni hakimiyyət dəyişikliyini bəhanə edərək danışıqların tanışlıq xarakter daşıdığını bəhanə edərək məsələdən qaçmağa çalışır: “Nə qədər tanışlıq xarakterli danışıq aparmaq olar? Artıq tanışlıqdan sonra Ermənistana danışıqları pozmaq üçün ikinci dərəcəli mövzu lazım idi ki, onlar Qazax istiqamətində pozuculuq əməlləri həyata keçirməklə özləri üçün yeni müzakirə obyekti tapmış oldular”.

Politoloq qeyd edib ki, baş verənlərə son qoymaq üçün Rusiyanın xarici siyasətində köklü dəyişiklik baş verməlidir: “Qonşu ölkə taktika baxımından mövqeyində hansısa dəyişiklik edir, amma strateji baxımından yenə də Ermənistan Rusiyanın müttəfiqi sayılır. Lakin son vaxtlar Nikol Paşinyanın Qərbə meyllənməsi ilə bağlı addımlar qarşılığında Rusiyanın onları cəzalandırmaq istəyinin çoxalması ölkəmiz üçün əməli tədbirlər görməyə imkanlar yaradır”.

Xatırladaq ki, iyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb. İtkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə