Deputat: "Azərbaycan Aİ üçün etibarlı, strateji tərəfdaşdır" ŞƏRH-ÖZƏL

Azərbaycan Prezidentinin Brüsselə səfəri bir daha göstərdi ki, ölkəmizin beynəlxalq reytinqi ildən-ilə yüksəlir. Azərbaycanın sözü dünya ölkələri tərəfindən istədiyimiz kimi qəbul olunur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Azərbaycanın Avropaya inteqrasiya yolu seçdiyini deyən deputat söyləyib ki, Brüsselə səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənəd bu işlərin daha da genişləndirilməsinə yeni imkanlar açacaq.

R.Quliyev qeyd edib ki, dövlət başçısının səfər zamanı yüksək səviyyədə qarşılanması və Azərbaycanın işğal olunmuş əraziləri ilə əlaqədar qərarın qəbul edilməsi bir daha göstərdi ki, dövlətimizin həm Avropa ölkələri, həm də cəmiyyəti ilə ikitərəfli münasibətləri daha da inkişaf etməkdədir: “Səfər çərçivəsində keçirilən mühüm tədbirlərdə də qeyd olundu ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun inkişafına əhəmiyyətli töhfə verir. Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir ”.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğunu deyən deputat söyləyib ki, ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır: “Azərbaycan hər zaman üzərində götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Ölkəmiz heç bir məsələdə iqtisadiyyatı siyasətlə qarışdırmır. Avropa Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihələrdən yararlanır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqının Azərbaycana münasibətini ortaya qoyaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun artdığını təsdiqləmiş oldu. Hesab edirəm ki, Prezidentin Brüsselə səfəri Azərbaycanın həm Aİ, həm də NATO arasında tərəfdaşlıq əlaqələri üçün mühüm töhfə vermiş olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə