Elman Məmmədov: “Azərbaycan bütün sınaqlardan qalib çıxıb” ÖZƏL

“Azərbaycana qarşı xaricdə müəyyən mərkəzlərdən qurulub idarə olunan və daxildə anti-milli ünsürlər tərəfindən həyata keçirilməyə çalışılan bu kampaniyaların heç biri bu günə qədər də onlara bir uğur qazandırmayıb və bundan sonra da mümkün olmayacaq. Biz bu həyatı 1993-cü ildən bu günə qədər yaşaya-yaşaya gəlmişik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı, dövləti bu sınaqlardan dəfələrlə üzü ağ və qalib çıxıb: “Azərbaycan dövlətinə, dövlətçiliyinə, xalqına qarşı bu təxribatları hazırlayanlar, törətməyə çalışanlar həmişə xar və məyus olublar. Çünki Azərbaycanda çox sınaqlardan çıxmış güclü, möhkəm xalq-iqtidar birliyi var. Azərbaycan xalqı öz hökumətinə, dövlət başçısına, iqtidarına inanır. Çünki bu iqtidar Azərbaycan xalqının 1993-cü ildən bu günə qədər əmin-amanlığa, firəvanlığa çıxarıb. Azərbaycanda dayanıqlı daxili stabillik, sabitlik yaranıb. Ölkəmiz iqtisadi sahədə və həyatın, cəmiyyətin bütün sahələrində uğurlar, qələbələr qazanıb. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən durmadan yüksəlir.

Dövlətimiz güclü ordu qurub. Eləcə də ölkəmiz özünün haqlı olduğunu, düz siyasət yürütdüyünü sübut edib. Ona görə də xaricdən Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə qurulub fəaliyyət göstərən, Azərbaycan daxilində müəyyən tör-töküntülərə istinad edən o qüvvələr həmişə iflasa uğrayıblar. Təbii ki, bu bundan sonra da belə olacaq. Çünki Azərbaycan dövlətində bütün siyasət ölkəmizin inkişafına, xalqın əmin-amanlığına, təhlükəsizliyinə qulluq edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə