Umud Rəhimoğlu: “Ölkə mediası keyfiyyət dəyişiklikləri dövrünü yaşayır" ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata və jurnalistikaya göstərdiyi dəstəyi sayəsində ölkə mediası sözün əsl mənasında keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Bu, ümumilikdə, müstəqil Azərbaycanın mətbuat tarixində məzmun etibarilə yeni, fərqli, daha dinamik, mütərəqqi mərhələnin başlanması kimi dəyərləndirilə bilər”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, dövlətin və vətəndaş cəmiyyətinin hərtərəfli inkişafında kütləvi informasiya vasitələrinin, medianın özünəməxsus rolu var: “Media ictimai rəyin formalaşdırılması ilə yanaşı, müxtəlif təmayüllərin cəmiyyətdə təşəkkül tapması üçün əsas vasitədir. Azərbaycan Mətbuat Şurasının medianın fəaliyyətini səmərəli şəkildə əlaqələndirməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun media qurumlarının inkişafına hərtərəfli yardımı nəticəsində bu istiqamətdə vəziyyəti nəzərəçarpacaq dərəcədə müsbət yöndə dəyişib. Sevindirici haldır ki, son illər milli mətbuatımız ölkəmizdə gənc nəslə vətənpərvərlik hissinin aşılanması, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi istiqamətində böyük uğurlar əldə edib”.

U.Rəhimoğlu əlavə edib ki, Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələrinə mənzillərin verilməsi ilə bağlı göstərişi ölkəmizin media və vətəndaş cəmiyyətinə olan dövlət qayğısının bariz nümunəsidir: “Bu gün Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” əsasında mühüm layihələr icra edilir. Onlardan biri də məhz jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardır. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrini mənzillə təmin etmək kimi təcrübəyə malikdir. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən jurnalistikaya edilən bu diqqət və qayğı dünyanın digər ölkələrində sosial dövlət modeli olaraq tətbiq ediləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə