Hikmət Hacıyev: “Prezidentin Brüsselə səfəri əhəmiyyətli xarakter daşıyır” ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri Azərbaycanın xarici siyasətində növbəti qələbəsi və bu qələbənin növbəti təntənəsi idi. Bu səfər Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına mühüm təkan vermiş oldu. Birincisi, Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində dövlət başçısının 2017-ci ilin əvvəllərində Avropa Komissiyasına səfəri əsnasında yeni bir səhifə açılmışdır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsünün sözlərinə görə, Brüsselə səfər çərçivəsində isə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd razılaşdırıldı ki, burada da qarşıdan gələn dövr ərzində Avropa İttifaqı ilə Azərbaycan əlaqələrini əks etdirən prioritet istiqamətlərlə bərabər, Avropa İttifaqı tərəfindən dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına münasibətdə qəti və birmənalı dəstək ifadə olundu: “Bunun ardınca Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak etdi. Bu sammit çərçivəsində NATO-nun Yekun Bəyannaməsi qəbul olunmuşdu. Bu Yekun Bəyannamədə də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də məhz bu prinsiplər əsasında həll edilməsinə münasibətdə ciddi bir çağırış var idi. Ona görə də Avropa İttifaqı və NATO ilə əlaqələrimizin inkişaf etdirilməsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin daha da gücləndirilməsi nöqteyi-nəzərindən bu səfər olduqca əhəmiyyətli xarakter daşıyır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə