Müşfiq Ələsgərli: "Dövlətimiz gücləndikcə media daha da inkişaf edəcək” ÖZƏL

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan mediasına diqqəti zaman-zaman olub. Demək olarki hər il Azərbaycan mediası üçün dövlətin imkanları daxilində lazımi dəstək göstərilir”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, burada medianın inkişafı üçün dövlət dəstəyi konstitusiyası var və sistemli şəkildə mediaya yardım göstərilir: “Həmçinin bu sistemli yardımdan başqa birdəfəlik yardımlar da olunur. Zaman göstərir ki, cənab Prezidentin bu addımı çox hümanistdir və doğrudur. Çünki son illərin təcrübəsi göstərir ki, bu cür yardımlar sayəsində Azərbaycan mediası özünün həm texniki imkanlarını xeyli artırıb, həm də peşəkarlıq, kadr yetişdirilməsi baxımından kifayət qədər uğurlu nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əldə edilməsində həmin dəstəyin rolu var.

Təsadüfi deyil ki, son bir neçə il ərzində baş verən hadisələr zamanı istər aprel hadisələri vaxtı, istər bugünkü söyüş kampaniyalarına cavab verilməsi vaxtı, istərsə də Gəncə hadisələri vaxtı medianın davranışları onu göstərdi ki, media dövlətimizin yanındadır və bu öz mövqeyini çox peşəkar şəkildə ifadə edə bilir. Həmçinin Azərbaycanda ictimai rəyin düzgün istiqamətlənməsində yaxından rol oynayır. Zaman göstərir ki, media ayrılan o yardımlardan çox səmərəli şəkildə istifadə edir və özünün peşəkarlığının, texnoloji imkanlarını artırıb. Azərbaycan dövləti gücləndikcə mediaya olunan qayğılar daha da artacaq və inkişaf edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə