Azərbaycanın Avropa üçün geosiyasi əhəmiyyəti yüksəlib TƏHLİL

Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacaq sənəd paraflandı

Son 15 ildə həyata keçirilən müstəqil siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Azərbaycan qlobal məkanda strateji əhəmiyyətli dövlətə çevrilib. Qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə maraq da ildən-ilə artır. Bu reallıqlar fonunda Azərbaycanın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Avropa İttifaqı ilə 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son illər yeni mərhələyə qədəm qoyub.

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının rəhbərliyi ilə keçirdiyi görüşlər və imzalanan yeni tərəfdaşlıq sənədi əlaqələrin daha da dərinləşməsinə xidmət etmiş oldu. Dövlət başçısının adıçəkilən qurumun prezidenti Donald Tuskla keçirdiyi görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı.

Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd etdi. Söhbət zamanı Azərbaycanda insan haqları ilə bağlı vəziyyət, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlər müzakirə olundu. Sonra isə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacaq sənəd paraflandı.

Sənədin birinci bəndində hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Eyni zamanda, göstərilir ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, "Cənub Qaz Dəhlizi" layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində, Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.

Azərbaycan Prezidentinin Brüsselə səfəri və yeni sənədin paraflanması ilə bağlı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə, qeyd edilir ki, tərəfdaşlıq prioritetləri 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu və qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Sənəddə, həmçinin, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramı, Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla, ölkəmizə qoyulan birbaşa xarici sərmayələrin yarısına pay sahibi kimi əsas investisiya tərəfdaşı olması qeyd edilir.

Tərəfdaşlıq prioritetləri yaxşı idarəçilik, mobillik və insanlararası əlaqələr, mədəniyyətlərarası dialoq, humanitar, təhsil və digər qarşılıqlı maraq doğuran əsas sahələrdə əməkdaşlığı ehtiva edir. Bəyanatda vurğulanır ki, Prezident İlham Əliyevin 2017-ci ildə Avropa İttifaqına səfəri və onun ardınca Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfərləri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açıb. Tərəfdaşlıq prioritetləri, "20 Deliverables for 2020" və tərəfdaşlıq sazişinin tezliklə yekunlaşdırılması ilə digər layihələr Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün mühüm zəmin və hərtərəfli çərçivə yaradır.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə