Azərbaycana qarşı “hibrid müharibəsi”

Gəncə hadisələri Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş təxribat kimi dəyərləndirilir və buna başqa heç bir ad qoymaq olmaz. Özü də bu təxribatın, bu terrorun təkcə soyuq və odlu silahla yox, həm də bunlardan daha dəhşətli olan, kütləvi təsirə malik informasiya silahı ilə həyata keçirilməsi təhlükəlilik dərəcəsini daha da artırır. Ən təəssüf doğuran məqam isə ondan ibarətdir ki, radikallar təxribatları din pərdəsi altında həyata keçirməyə can atırlar və bu yolda bəzi informasiya dəstəyindən istifadə etməkdən də çəkinmirlər.

Gəncədəki təxribatın ilk andan etibarən müxtəlif istiqamətdən, radikal şiə ideologiyalı, eyni zamanda din pərdəsi altında ekstremizmə meyilli saytlar, feysbuk səhifələri və profilləri, youtube kanalları tərəfindən aktiv informasiya dəstəyilə müşayiət olunması, xaricdəki radikal şiə mərkəzlərinə bağlı olduğuna heç bir şübhə yeri qoymur və əslində heç özləri də bunu gizlətmirlər. Heç bir tərəddüd etmədən, açıq şəkildə də nümayiş etdirirlər və bu da öz növbəsində təsdiq edir ki, bütün bunlar xarici maraqlara xidmət edir. Məsələn, talış separatizmini dəstəkləyən şəxslər və onların youtube kanalları, feysbukdakı səhifə və profilləri indi ilk gündən açıq şəkildə Gəncə terroruna dəstək verirsə və bu hadisələrin digər bölgələrdə də yayılması üçün çağırışlar edirlərsə hər şey gün kimi aydın olur. Azərbaycan daxilində heç bir talış separatizminin olmadığı halda, bu şəxslərin çoxunun xaricdə yaşadığı aydın olur. Aydın olur ki, onların erməni kəşfiyyatı ilə əlaqələri var. Aydın olur ki, Azərbaycanda talış mövzusunu şişirtmək üçün dəridən-qabıqdan çıxan erməni xüsusi xidmət orqanlarının, lobbilərinin bu məqsədlə yaratdığı xüsusi resursların hamısı indi Gəncə terroruna dəstək verməyə yönəldilirsə, deməli mənbə bəllidir və yenə də düşmənin hədəfi Azərbaycandır, Azərbaycan dövlətçiliyidir. Ölkəmizin əleyhinə yönələn bu təxribatlarda yeganə məqsəd dövlətçiliyimizə zərmə vurmaqdır.

Azərbaycandakı terrorun informasiya dəstəyi müxtəlif istiqamətlərdən gəlirsə də, maraqlar eynidir

Xaricdə yaşayan, özünü mühacir kimi qələmə verən qruplaşmanın da Gəncə hadisələrini dəstəkləməsi, terrorçuların tərəfini saxlaması, onları qəhrəmana çevirmək üçün hay-küy qoparması, faciənin günahını isə dövlətin üzərinə yıxmaq cəhləri deyilənləri bir daha təsdiq edir və onların da əvvəlkilərdən heç bir fərqinin olmadığını göstərir. Belə ünsürlər haqqında cəmiyyət daha çox məlumata malikdir və ictimaiyyət onların hər bir mənada hardan qidalandığını yaxşı bilir. Bilir ki, həmin şəbəkə həm Qərbdəki bəzi çevrələrdən maliyyələşir, həm də onların erməni lobbisi ilə əlaqələri də mövcuddur. Təsdiqedici faktlar çoxdur və bu zamana qədər ictimaiyyət yetərincə bu barədə məlumatlarla təmin olunub və indi sadalananlar kimsə üçün sirr də deyil.
Azərbaycandakı terrorun informasiya dəstəyi müxtəlif istiqamətlərdən gəlirsə də, mənbələr fərqlidirsə də maraqlar eynidir. İlk baxışdan tamamilə fərqli maraqlara malik olduqları görünən qruplardır belə eyni nəticə ümidindədirlər. Yeganə bir məsələdə onların hamısının maraqları üst-üstə düşür. Həmin maraq isə Azərbaycandakı sabitliyi pozmaq və dövlətimizi zəiflətməkdir. Azərbaycanda olan inkişafı gözü götürməyənlərin bu tərəqqinin qarşısını almaq cəhdləridir. Ölkəmizin söz sahibi olmasını, hər bir sahədə əldə etdiyi nailiyyətləri, uğurları, bir sözlə, qüdrətini həzm edə bilməyənlərin çirkin oyunlarıdır ki, təxribat və terror şəklində özünü biruzə verir.

“Hibrid müharibə” zamanı heç bir dövlətə savaş elan olunmasa da məqsəd dövləti çökdürməkdir

Əgər Azərbaycanda eyni zamanda həm aksiya təyin olunur, həm əhali itaətsizliyə çağırılır, həm terror törədilir, həm də bütün bunlar geniş, çoxşaxəli informasiya dəstəyilə təmin olunursa, bu, açıq-aşkar “hibrid müharibə”dir. “Hibrid müharibə” zamanı da heç bir dövlətə savaş elan olunmur, hərbi zərbə endirilmir, amma eynilə bu cür vasitələrlə onu çökdürməyə, ziyan vurmağa çalışılır. Mübarizənin formasından asılı olmayaraq əgər məqsəd dövlətin zərərinədirsə, bu düşmənçilikdir. Dövlətin maraqlarına toxunan hərhansı bir aksiya, hərhansı bir plan qəbuledilməzdir və bununla barışmaq olmaz.
Azərbaycan vətəndaşı ölkəsinə qarşı hansı əməliyyat aparıldığının fərqində olmalıdır. Fərqində olmalıdır ki, bu əməliyyatlara nəinki alət olmasın, həta onun qarşısının alınmasına səy və bacarıqlarını da əsirgəməsin. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, törədilən təxribat, terror, hətta aparılan informasiya müharibəsi belə ölkə əleyhinə hesablanıb və nəticə heç də ölkə vətəndaşlarının mənafeyi üçün nəzərdə tutulmayıb, əksinə, dövlətə ziyan vurulması üçün nəzərdə tutulub. Vətəndaşlıq borcunu, vəzifəsini dərk edən hər bir azərbaycanlı bunun fərqində olmalı və hərhansı bir şəkildə mübarizəyə qalxmalıdır.
Qeyd olunan “Hibrid müharibə” zamanı ən vacib olanı informasiya hücumlarının qarşısını kəsməkdir. Çünki, həssas bir məqamlarda kütlə emosional davranarsa, özü də bilmədən bəzi qrupların məqsədli şəkildə yaydıqları dezinformasiyaların, qurduğu oyunların təsirinə düşə bilər. Kütlənin təsirə düşdüyü həmin məqamda isə yalan, yaxud doğru olmasından asılı olmayaraq xəbərlər, kütlənin hisslərini qıcıqlandıran fikirlər ildırım sürətilə yayıla, onları nəzarətdən çıxara bilər. Nəticə isə heç də arzuolunan ola bilməz və heç bir müsbət sonluq vəd etmir. “Ərəb baharı” adlandırılan siyasi çevrilişlər belə məhz bu effektdən istifadə olunaraq bir vaxtlar Yaxın Şərq ölkələrində tətbiq edilib və bütün dünya ictimaiyyətinə ən xırda detallarına qədər bəllidir.

Azərbaycan dövlətini, dövlətçiliyini qorumaq ölkə vətəndaşının ən vacib işinə çevrilməlidir

Yalan xəbərlər yayan, əhalini itaətsizliyə, qanunu pozmağa, terrora dəstək olmağa çağıran hər kəs nəzarətə götürülməli, hətta cəzalandırılmalıdır və bu məqamlarda hibrid hücumların qarşısını almaq üçün dövlətlə yanaşı, vətəndaşlar da səy göstərməlidir. Hər kəs vətəndaşlıq məsuliyyətini ortaya qoymalı, fərdi qaydada mübarizəyə qalxmalıdır. Azərbaycan dövlətini, dövlətçiliyini qorumaq ölkə vətəndaşının ən vacib işinə çevrilməlidir.
İndi nəinki bəzi üzdəniraq xəbər saytları, hətta sosial şəbəkələrdə mənbəyi bəlli olmayan profillərin informasiya hücumları heç də yenilik deyil. Bəzən insanların hissi ilə oynayan çağırışlar, dövlətinin, xalqının mənafeyini müdafiə edənlərin isə təhqir olunması faktı ilə rast gəlmək olur. İlk baxışdan belə bu səhifələrin və profillərin mənbəyinin xaricdən olduğu asanlıqla hiss olunur. Lakin bu səhifələrin, bu profillərin təsiri altına insanların düşə biləcəyi də istisna edilə bilməz. Məhz bu baxımdan, ölkənin media strukturlarından tutmuş sosial şəbəkə istfadəçilərinə qədər hər kəs bu informasiya müharibəsində anti-Azərbaycançı qüvvələrlə bu və ya digər formada mübarizəyə qalxmalıdır, öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Ortaya qoymalıdır ki, ölkəmiz əleyhinə fəaliyyət göstərən xarici qüvvələrdən tutmuş, onlara satılan sapı özümüzdən olanlara kimi hər kəs vətəndaş həmrəyliyindən özləri sarsılsın.
Qeyd etdiyimiz kimi indi sosial şəbəkələri mübarizə meydanına, təbliğat xarakterli çağırışlar məkanına çevirmək niyyətində olan qüvvələr var və onların təsiri də hiss olunmaqdadır. Belə çıxır ki, günün ən prioritet məsələsi, ən aktual məsələ bu şəbəkəni öz çirkin niyyətlərinə alət etməyə çalışanlarla mübarizədir. Hətta bu şəbəkə vasitəsilə ölkə əleyhinə fikirlər, dezinformasiyalar, təxribat xarakterli məlumatlar səsləndirənlərdən tutmuş, vətəndaşlıq mövqeyi sərgiləyən əsl ölkə vətəndaşlarına qarşı təhqir yağdıranlara qədər hər kəs qanunla cəzalandırılmalıdır. Cəzalandırılmalıdır ki, belə çirkin oyunların davam etdirilməsindən çəkinilsin. Hətta lazım gələrsə həmin dezinformasiya yayan, təxribata çağırışlar edən səhifələrə, profillərə məhdudiyyətlər qoyulmalıdır.
Azərbaycan elə bir zəif, gücsüz dövlət deyil ki, hər sosial şəbəkə istifadəçisi, yaxud xəbər saytının, eləcə də xaricdə erməni lobbisinin maliyyə vəsaitlərinə şirniklənən qrupun fəaliyyətindən sarsıla. Ölkəmizin təhlükəsizliyi diqqət mərkəzindən kənarda deyil ki, hər yoldan ötən, hər cinayətkar, hər terrorist ölkədə at oynada. Faktlar sübut edir ki, Azərbaycanda qarmaqarışıqlıq salmağa hərhansı cəhdin qaşısı vaxtında və layiqincə alınıb və bundan sonra alınacağı da şübhə doğura bilməz. Lakin, bizim bir vətəndaş olaraq üzərimizə düşən bu qüvvələrlə, bu çirkin əməllərin sahibləri ilə, onlara rəvac verənlərlə mübarizə aparmaqdır ki, bu ölkə vətəndaşının vətəndaşlıq borcu və məsuliyyətidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə