Fuad Muradov xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb FOTOLAR

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Almaniyanın qərb bölgələrində yaşayan azərbaycanlılar və buradakı diaspor təşkilatlarının rəhbərləri, eləcə də ölkənin qərb bölgələrində təhsil alan azərbaycanlı gənclərlə görüşüb. Komitədən SİA-ya verilən məlumata görə, görüşdə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında birləşmək imkanlarından, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb.

Komitə sədri onların qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirə aparılıb. Diqqət mərkəzində olan məsələlərdən biri bu ölkədə yaşayan ailələrin uşaqları üçün Azərbaycan dili məktəblərinin açılması olub.

Tədbirdə Komitənin yeni yazılmış himni səsləndirilib, yeni loqo, ilk dəfə yaradılan infoqrafik diaspor xəritəsi və qurumun yenilənmiş saytı barədə məlumat verilib.

Səfər çərçivəsində mühüm görüşlərdən biri də Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı iş adamları ilə keçirilib.

Toplantıda Almaniyadakı azərbaycanlı iş adamlarının fəaliyyəti, “Made in Azerbaycan” brendinin tanıdılması, iş adamlarının ölkəmizdə biznes maraqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması və biznes forumun keçirilməsi təklifləri maraqla qarşılanıb. İş adamları yeni biznes platformasının və resurs mərkəzinin yaradılmasını təklif ediblər. Fuad Muradov yeni təşəbbüslərin olmasının, sosial-mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, görüş iştirakçılarını əmin edib ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək, bundan sonra heç bir diaspor təşkilatı və heç bir insan diqqətdən kənarda qalmayacaq, gənclərin diaspor fəaliyyətinə cəlb olunması üçün mümkün addımlar atılacaq.

Komitə sədri diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə-lobbiçilik fəaliyyətinə keçməsinin gerçəkləşdirilməsi yolunda da mühüm planların olduğundan bəhs edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə