"Türkiyədə baş verənlər bu il Gəncədə baş verən iğtişaşlarla oxşar olub" MÖVQE

Əli Həsənov: "Gəncədə xainlər dövlətçiliyə əl qaldırmaq istədilər"

Türkiyədə dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində anım təbiri keçirilib. Anım tədbirində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri eləcə də diplomatik nümayəndəliyin rəhbərliyi iştirak edib. Əvvəlcə 15 iyul hadisələrinə dair filmin nümayişi olub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında deyib ki, 15 iyulda türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini dünyaya elan edib: "15 iyul milli dastanımızdır. Heç kim türk millətini zəncirlə bağlaya bilməz. Hər kəs bilsin ki, yer üzü var olduqca, bu millət dövlət və vətəninə sahib çıxacaq. O günü planlayanlar islam dinindən sui-istifadə etdilər. Azərbaycanda da islam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu şərəfsizləri həmişə əzib yox edəcək gücdədir. Biz bu FETÖ-lərin, bütün şərəfsizlərin necə yox edildiyini birlikdə görəcəyik. O gün heç də uzaqda deyil".

Anım tədbirində çıxış edə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Türkiyədə 2016-cı ilin iyulun 15-də baş verən hadisələrdə xalqın iradə ortaya qoyması qürurvericidir. Bu, qəhrəmanlıq səlnaməsidir.

Əli Həsənov bildirib ki, Türkiyədə baş verənlər bu il Gəncədə baş verən iğtişaşlarla oxşar olub: "Gəncədə xainlər dövlətçiliyə əl qaldırmaq istədilər. Onlar iki polis zabitini qətlə yetiriblər. Həmin qüvvələr məqsədlərinə nail ola bilmədilər. Bunlar Türkiyədə baş verən hadisə ilə oxşardır".

Prezidentin köməkçisi deyib ki, 15 iyul gecəsini Azərbaycan Prezidenti və xalqı həyacanla seyr etdi: "Biz bu məsələdə Türkiyəyə lazımi dəstəyi verdik, Türkiyə xalqının yanında olduq. 1990-cı ilin yanvarında Azərbaycana faciə yaşadanlar ermənilər, erməni xisləti olanlar idi. Amma Türkiyədəki hadisələri törədənlər ölkə ilə bağlılıqları var idi. Bütün hallarda millətin iradəsinə qarşı gedənlər məğlub olurlar".

Əli Həsənov qeyd edib ki, millətin üzərinə tankla, silahla getmək olar, amma milli iradə ortadadırsa, həmin mllətə qalib gəlmək mümkünsüzdür: "Millətin iradəsi ona rəhbərlik edən şəxsin simasında ifaə olunması dövlətin qüdrətini göstərir. Azərbaycan Türkiyə ilə qardaş dövlətdir, hər iki ölkə bir-birinə dəstək verir. Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu!".

Əli Həsənov onu da xatırladıb ki, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında Azərbaycan xalqının iradəsini ifadə edən prezident Heydər Əliyevi devirmək üçün təxminən 15 iyul hadisələrinə oxşar hadisələr baş verib: "O zaman da Azərbaycan ordusunun, Daxili Qoşunlarının, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış Azərbaycan vətəndaşları dövlətə və dövlətçiliyə silah yönəltdilər. Bəs, niyə qalib gələ bilmədilər? Çünki Heydər Əliyev o qüvvələrin qarşısına xalqın iradəsi ilə çıxdı. Heydər Əliyev çağırış etdi ki, Azərbaycan dövlətini dəstəkləyən vətəndaşlar meydanlara çıxsın. Yüz minlərlə vətəndaş öz sinəsini sipər edərək, bu silahlı, azğınlaşmış quldur dəstələrinin qarşısına çıxıb, onları tərksilah etdi. Bir sözlə, tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və yəqin ki, bundan sonra da olmayacaq. Xüsusən də bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa...".

Əli Həsənovun sözlərinə görə, iki il əvvəl - 15 iyulda Türkiyədə xalqa silah çəkən yolunu azmış, azğınlaşmış insanlar xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə çalışırdılar və sonda məğlubiyyətə düçar oldular: "Elə 1994-1995-ci il hadisələri də xalqın iradəsini ayaqlar altına almaq, Heydər Əliyev hakimiyyətini devirmək cəhdi idi. Ulu öndərlərimizin, böyük Atatürk və böyük Heydər Əliyevin təməlini qoyduğu "tək millət, iki dövlət" formulu həmin günlərin sınağından şərəflə çıxdı və öz məğlubedilməzliyini bir daha dünyaya nümayiş etdirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...