Bəxtiyar Sadıqov: “Heç kim Azərbaycanda sabitliyi poza bilməyəcək” ÖZƏL

“Ümumiyyətlə dünyada çox qəribə proseslər gedir. Biz baxıb görürük ki, gedən proseslərin heç biri İslam dünyasının xeyrinə deyil əksinə müsəlman dövlətlərinə “Bahar” adı ilə fəlakət, bədbəxtçilik gəlir. Eləcə də rəngli inqilablar adı ilə insanların evləri dağıdılır, başlarına bomba yağdırılır. Sonradan isə onlar öz daimi evlərində, şəhərlərində, yurdlarında yaşaya bilməyib Avropaya üz tuturlar. Lakin bunlar yollarda itkilərə məruz qalırlar, qayıqları batırılır və yaxud gedib çatdıqları yerdə onlar xoş qarşılamırlar”. Bunu SİA-ya açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.

Baş redaktorun sözlərinə görə, bütün bunların hamısı onu göstərir ki, bunlar heç də təsadüfi hadisələr deyil. Əgər “İŞİD” adlı bir terror təşkilatı yaradılırsa və bu terror təşkilatı müsəlmanları qırırsa biz necə buna “müsəlman təşkilatı” deyə bilərik: “İslam dinində din qardaşlarına əl qaldırmaq, onu qətlə yetirmək yoxdur. İslam sülh, dinclik dinidir. Sonrakı faktlarla da məlum oldu ki, bu qurumu yaradanlar da, onları maliyyələşdirənlər də, silahlandıranlar da, yönləndirənlər də digər dinlərin nümayəndələridir. Bunun islama aidiyyatı yoxdur. Bu gün kim ki islam adı ilə meydana çıxır, guya islam dinin təəssübünü çəkir və bu yolda Azərbaycanda qanunun aililiyini pozur, dövlət qurumlarına qarşı terror əməli törədir və istəyir ki sabitlik pozulsun, zorakılığa əl atsınlar onlar islamın düşmənləridir. Adı islam olub mahiyyəti qeyri-islam olan və islamı parçalamaq, islam hümmətinə zülm etmək, onları evsiz-eşiksiz qoyub dənizlərdə boğmaq o tərəfə işləyən adamlardır.

Azərbaycan Prezidenti hüquq-mühafizə rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da haqlı olaraq bildirdi ki, bu adamların heç biri müsəlman deyil. Çünki bu əməllər islama uyğun əməl deyil. Bu əməllər İslam dininə, islam qardaşlığına cavab verən prinsiplərə uyğun deyil. Cənab Prezidenti hüquq-mühafizə orqanlarının qarşısında ciddi tapşırıqlar qoydu. Həmin iclasdan sonra atılan addımlar görünür ki, hüquq-mühafizə orqanları o tapşırığın öhdəsindən ləyaqətlə gəlirlər. Təbii ki, bu proses sona qədər gedəcək. Nə ad qoyulmasından asılı olmayaraq heç kim Azərbaycanda sabitliyi poza bilməyəcək. Bu dövlətin qəti mövqeyidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...