Fərrux Haqverdiyev: “Təxribat cəhdlərinin qarşısının alınmasında hər zaman dövlətimizin yanında olacağıq”

“Gəncədə baş verən təxribat və terror hadisələrin qarşısı alındıqdan sonra, Sumqayıt şəhərində radikal dini qrup üzvlərinin həbsi ilk növbədə hüquq-mühafizə orqanlarının keçirdikləri operativ və uğurlu əməliyyatlarının nəticəsidir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev sözügedən olayları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan sabitliyi pozmağa cəhd göstərən daxili və xarici düşmənlər heç vaxt öz arzularına çata bilməyəcəklər: “Söz yox ki, buna əsas kimi xalq-iqtidar birliyini göstərə bilərik. Bu gün xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşib, dövlətçilik maraqlarını qoruması deyilənlərə bariz sübutdur. Eyni zamanda, dövlət başçımız da güc nazirliklərinin rəhbərliyi ilə keçirdiyi müşavirədə deyib ki, ölkəmizə qarşı aparılan kampaniyaların heç bir səmərəsi olmayacaq və qanunlarımızı pozanlar sərt şəkildə cəzalandırılacaqlar”.

“Bəlli xarici anti-Azərbaycan dairələrini narahat edən isə odur ki, ölkəmiz günü-gündən inkişaf edir, dövlətimiz dünyanın nüfuzlu ölkələri arasında yüksəlir, uca mövqe tutur”-deyə vurğulayan YAP Xızı rayon təşkilatının sədri həmçinin qeyd edib ki, bütün bunları gözü götürməyən daxili və xarici düşmənlər müxtəlif təxribatlar, terrorlar törətməklə, Azərbaycanı Suriya, İraq, Liviya kimi ölkələrə bənzətməyə çalışırlar: “Gəncədən başlayan məlum olayların da arxasında bu cür mənfur planlar dayanıb. Radikal dindarlar müəyyən dairələrdən sifarişlərini alaraq, qan tökməyə, xaos yaratmağa çalışdılar. Lakin alınmadı və əlbəttə, belə cəhdlər heç vaxt baş tutmayacaq. Çünki dövlətimizin, cənab Prezidentimizin ali məramlarından biri də vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Bu məsələdə isə xalq dövlətinin yanındadır və ona görə də düşmənlərimizin məkrli planları reallaşmır. Düşünürəm ki, hər birimiz öz vətəndaşlıq mövqeyimizi ortaya qoyaraq, ayıq-sayıqlığımızı qoruyacağıq, istənilən təxribat cəhdlərinin qarşısının alınmasında dövlətimizin yanında olacağıq”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə