Hacı Fuad: "Gəncədəki hadisələrin dinlə əlaqələndirilməsini rədd edirik" ÖZƏL

“Ümumiyyətlə Qafqaz Müsəlmanları İdarəsi Gəncədəki qəsd və terror hadisəsi ilə bağlı olaylara bəyanat vasitəsilə öz münasibətini bildirib. Bəyanatda açıq-aşkar qeyd olunur ki, bu məsələ dini məsələ deyil. Əlbəttə ki, bu törədilənləri dinlə bağlamaq olmaz. Bu məqsədyönümlü şəkildə törədilib”. Bunu SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

“Əgər bunun himayəsini axtarsalar məlum olar ki, hadisələr xaricdə və daxildə olan bir çox qüvvələrin marağındadır. Niyə bu olaylara dini ad verilir? Çünki din müqəddəslikdir. Onlar bunu dini müqəddəsliyə ona görə yönəldirlər ki, həssas insanlar müqəddəs sahədə çox inanclı olurlar və ona görə də tez bu sahələrə meyllənsinlər. Bununla da narahatçılıqlar baş versin, Azərbaycanda sabitlik, rifah pozulsun. Onlar bugünkü gündə Azərbaycanın inkişafına zərbə vurmaq istəyənlərdir. Buna din adının verilməsini rədd edirik. Çünki hadisənin dinlə heç bir bağlılığı yoxdur. O qüvvələr ki, çalışırlar Azərbaycanda sabitliyi və sakitliyi pozsunlar buna nail ola bilməyəcəklər. Nə üçün? Çünki Azərbaycan dövlətçiliyi var və dövlətçilik möhkəm təməllər üzərində qurulub. Biz bir çox zamanlar belə imtahanlardan keçmişik. Allah dünyasını dəyişən şəhidlərimizə rəhmət eləsin”-deyə, QMİ-nin sədr müavini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə