"Gəncə hadisələri müxtəlif xarici mərkəzlərdən idarə olunan təxribatdır" ÖZƏL

Niyaməddin Orduxanlı: “Dövlət strukturlarında çalışan məmurlar daha məsuliyyətli olmalıdır, vətəndaşlarla intensiv görüşlər keçirməlidir. Hər bir vətəndaşın hüquqlarını qorumalıdır. İmkan verilməməlidir ki, təxribatçı şəxslər nədənsə istifadə etsin”

“Cənab Prezident İlham Əliyevin Gəncə hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi iclasdakı kəskin mövqeyi bir daha sübut etdi ki, müstəqil Azərbaycanın dövlət maraqlarına əl uzadanlar üçün heç bir güzəşt olmayacaq. Qanunla ən sərt formada terrorçularla, ölkənin sabitliyini pozmağa cəhd edənlərlə, cəmiyyətdə qorxu, xof yaratmağa cəhd edənlərlə davranılacaq”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi də açıq şəkildə bildirdi ki, baş vermiş Gəncə hadisələri müxtəlif xarici mərkəzlərdən idarə olunan bir təxribatdır: “Birmənalı şəkildə Azərbaycan cəmiyyəti də bu cür təxribatları pislədi. Xalq çox gözəl bilir ki, ölkənin sabitliyi toxunulmazdır. Bunu etmək istəyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirmək niyyətindədir. İndiki mərhələdə hər kəs baş vermiş hadisəyə həssas yanaşmalıdır. Xüsusi məmur təbəqəsi imkan verməməlidir ki, dövlət maraqlarımızı sevməyən bir qrup daxili satqınlarla birləşib, təxribat yaysınlar. Görürsünüz ki, aparılan kampaniya əsasən məmurların fəaliyyəti ilə bağlıdır. Bütün hallarda cənab Prezidentin məmurlara hər zaman tapşırıqları o olub ki, xalqın xidmətçisi olun. Özünüzü əlahəddə status sahib kimi aparmayın. Özbaşınalığa yol vermək olmaz. Korrupsiyaya, rüşvətxorluğa imkan verilməməlidir.

Xalq hər zaman görür ki, Prezidentin bütün müşavirələrdə məmurların qarşısına qoyduğu bir nömrəli tapşırıqlar bu olur. Xalq çox yaxşı bilir ki, bu gün ölkədə ən çox problemlərdən danışan da məhz Prezident İlham Əliyevdir. Haradakı problemlərimiz var və bu problemlərin aradan qaldırılmasının həlli üçün çalışan da dövlət başçısıdır. İlham Əliyev bütün imkanlarını səfərbər edir ki, ölkəmizin üzləşdiyi mövcud problem aradan qaldırsın. Bütün məmurlar da yerlərdə problemlərin həllinə çalışmalıdır. Bu gün dövlət strukturlarında çalışan məmurlar daha məsuliyyətli olmalıdır, vətəndaşlarla intensiv görüşlər keçirməlidir. Hər bir vətəndaşın hüquqlarını qorumalıdır. İmkan verilməməlidir ki, təxribatçı şəxslər nədənsə istifadə etsin. Gəncə İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən hadisə bir başa terrrordur. Xalqımız da qorxu hissini yaşatmaq arzusundadırlar. Din adı altında cəmiyyətdə xaos yaratmağa cəhd edirlər. Ancaq heç nəyə nail olmayacaqlar. Hər kəs bilməlidir ki, dövlətimizin maraqlarını qorumaq bizim şərəf işimizdir. Kimsə də bizim dövlət maraqlarımıza əl uzadacaqsa, onların kökünü kəsmək lazımdır. Bunu da xalq edəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə