Gəncədən sonra Sumqayıt – bu, bir təsadüfdürmü? TƏHLİL

Və ya Qumdan Azərbaycana uzanan qara əllər kökündən kəsilir

Gəncə olaylarının ardınca Sumqayıtda da eyni ssenarinin yaşadılmasına cəhd, yəni təxribatçılıq və terror hadisələri törətmək planı ilk növbədə belə bir sualı gündəmə gətirdi – bu, bir təsadüfdürmü? Söz yox ki, əgər hər iki hadisədə radikal dini qrupların mövcudluğu varsa, ortada hər hansı bir təsadüfdən danışmaq olmaz. Daha dəqiq desək, Yunis Səfərovun Gəncə şəhərinin icra başçısına qarşı törətdiyi sui-qəsd olayı yenə də həmin şəhərdə Rəşad Böyükkişiyev və Fərrux Qasımov tərəfindən iki polis zabitimizin vəhşicəsinə öldürülməsi, sonradan onlardan birinin həbs olunması, digərinin isə aparılan əməliyyat zamanı, polisə qarşı qumbara atmaq istərkən məhv edilməsi, ardınca isə Sumqayıtda baş verən hadisələr bilavasitə bir-biri ilə bağlılıq təşkil edir.

Şübhəlilərin axtarışı davam edir

Əbəs deyil ki, Sumqayıt şəhərində hüquq-mühafizə orqanlarının qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanıldı.

Hüquq mühafizə orqnalarından daxil olan rəsmi məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.

Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunub və planları tam aşkara çıxarılıb, məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Təxribatçı və terrorçu qüvvələr xəbərdarlığa ciddi yanaşmayıblar və nəticədə qarşılarında hüquq-mühafizə orqanlarının xüsusi təyinatlılarını görüblər

Daha bir vacib məqamı da xatırlatmaq yerinə düşərdi ki, güc strukturları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi. Göründüyü kimi, müəyyən təxribatçı və terrorçu qüvvələr bu xəbərdarlığa ciddi yanaşmayıblar və nəticədə qarşılarında hüquq-mühafizə orqanlarının xüsusi təyinatlılarını görüblər.

Bu arada, radikal dini qruplaşma üzvlərinin əksəriyyətinin İranın Qum şəhərində təhsil aldıqları, hətta Suriyada Bəşər Əsəd qüvvələri tərəfində döyüşdükləri barədə faktlar da üzə çıxmaqdadır. Onların verbovkası və təsir dairəsinə alınmalarında isə Tohid İbrahimbəylinin adı meydana çıxdı. Daha dəqiq desək, T.İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.

Tohid İbrahimbəyli Qum tələbələrini Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduğunu bildirib

Belə ki, T.İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət "Hüseyniyyun" (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib. Rəsmi məlumata görə, T.İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində İsgəndər Hüseynovun iş yerində ("Nur" Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən T.İbrahimbəyli onları təkcə İŞİD ilə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib və bununla əsl hədəfin Azərbaycan olduğunu nümayiş etdirib.

Bu planların hər biri öncədən hazırlanaraq, hüquqi dövlət olan Azərbaycanda çaxnaşmalar, xaos, vətəndaş itaətsizliyi törətmək mqsədini güdüb

Beləliklə, gizli qruplar şəklində məkrli planlarını icra etmək istəyən radikal dini qrupların üzvləri saxlanıldıqca, Gəncə və Sumqayıt olaylarının görünməyən tərəfləri də üzə çıxmağa başlayır. Xüsusilə, radikal müxalifət partiyalarının üzvlərinin də həbs edilməsi də belə deməyə kifayət qədər zəmin yaradır ki, bu planların hər biri öncədən hazırlanaraq, hüquqi dövlət olan Azərbaycanda çaxnaşmalar, xaos, vətəndaş itaətsizliyi törətmək mqsədini güdüb. Lakin hüquq-mühafizə orqanlarımızın, DİN və DTX-nın keçirdikləri birgə operativ əməliyyatları, eləcə də həmin əməliyyatların davamı belə deməyə əsas verir ki, Azərbaycan dövləti və xalqı etibarlı əllərdədir. İstənilən daxili və xarici qüvvələr nə zaman öz əllərini dövlətimizə qarşı uzadarlarsa, həmin əllər kökündən kəsiləcək!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə