Bəhruz Quliyev: “Anti-Azərbaycan qruplar dərk etməlidirlər ki, onların çirkin əməllərinin ölkəmizdə gerçəkləşməsi qeyri-mümkündür” MÜNASİBƏT

"Prezident İlham Əliyevin Azərbaycanın güc strukturlarının rəhbərliyi ilə keçirdiyi müşavirənin əhəmiyyətli məqamlarından biri də budur ki, ölkədə din pərdəsi altında fəaliyyət göstərən təxribatçı qüvvələr heç vaxt öz istəklərinə çatmayacaqlar". Bu fikirləri SİA-ya "SƏS" qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev sözügedən mövzuya dair münasibətini açıqlayarkən deyib. Baş redaktorun sözlərinə görə, bəzi qüvvələr İslam dinini gözdən salmaq məqsədi ilə bu dini çirkin məqsədləri üçün istifadə edirlər: "Son dovrlərdə anti-İslam qruplar dinimizi gözdən salmaq məqsədilə düşünülmüş şəkildə terror və iğtişaşları din pərdəsi ilə həyata keçirmək istəyirlər. Amma İslam dini sülh və həmrəylik dini olduğunu nəzərə alsaq, kiminsə iyrənc oyununa İslamı vasitə etməsi qəbuledilməzdir. Azərbaycanda dini dəyərlərə, ən ali səviyyədə hörmətlə yanaşılır. Onun nəticədir ki, sözügedən müşavirədə cənab İlham Əliyev də Azərbaycanda mövcud olan dini tolerantlıq faktorlarına toxunub və xatırladıb ki, ölkəmiz İslam həmrəyliyi çərçivəsində bir sıra mühüm addımlar atıb. İslam Həmrəyliyi Oyunları ilə yanaşı, Azərbaycanda sözügedən istiqamətdə kifayət qədər əhəmiyyətli tədbirlər keçirilib, paytaxt Bakı başda olmaqla, Gəncə və Naxçıvan kimi mühüm şəhərlərimiz İslam mədəniyyətinin inkişafında öz böyük töhfələrini verib".

"Təəssüfedici və arzuolunmaz haldır ki, təxribatçı və terrorçu dairələr bu reallığı məhv etmək üçün hər vəchlə dövlətimiz əleyhinə addımlar atmağa cəhd edirlər"- deyə vurğulayan ekspertin sözlərinə görə, son Gəncə hadisələrindən də göründüyü kimi, onların bu cəhdləri heç vaxt baş tutmayıb və tutmayacaq da. SİTAT: "Ümumiyyətlə, İslam dini adından manipulyasiya edərək, xalq arasında çaşqınçılıq salmağa çalışan qruplar məqsədlərini reallaşdıra bilməyiblər. Belə ki, xalqımız bu cür mənfur qrupları rədd edərək, dövlətçilik maraqları ətrafında birləşib. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və bu gün Şərqdə - müxtəlif dövlətlərdə təxribatçılıq, terrorçuluq əməlləri törədən qruplar anlamağa məhkumdurlar ki, onların çirkin əməllərinin ölkəmizdə gerçəkləşməsi ümumiyyətlə, qeyri-mümkündür".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə