Hacı Şahin: “İslam dinini islamafob dairələr qorxunc simada təqdim edir" EKSKLÜZİV

“Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda düzgün olaraq vurğuladı ki, terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir. Ümumiyyətlə insan ölümü hər hansı bir halda cinayətdirsə, günahsız insanın dini şüarla öldürülməsi qanunların kobud surətdə pozulması ilə yanaşı həm də dinimizə qarşı bir xəyanətdir, cinayətdir”. Bunu SİA-ya açıqlamasında Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib.

“Çünki bu gün İslam dini məqsədli şəkildə bəzi islamafob dairələr tərəfindən qorxunc simada təqdim edilir. Bunu edən insanlar məqsədli şəkildə İslamı gözdən salmağa çalışırlar və İslamı zorakılıq, terror dini kimi təqdim edirlər. İslam sözün həqiqi mənasında barış və sülh dinidir. Bu İslamın mahiyyətidir. Allah Peyğəmbərlərini ona görə göndərib ki, insanlar arasında sülh, barış yaratsınlar və insanları bir dəyər ətrafında birləşdirsinlər. Amma kimlərsə dindən ayrılıq, islah salmaq üçün, insanları qarşı-qarşıya qoymaq üçün istifadə edirsə o, ilk növbədə dinə xəyanət edir və İslam dininə qarşı bir cinayət törətmiş olur. Çünki öz çirkin əməlləri ilə İslamı gözdən salmağa çalışır və İslam haqqında yalnış təsəvvürlərin formalaşmasına xidmət edir”-deyə, axund fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə