Hafiz Hacıyev: “Bu qüvvələrə qarşı ciddi ideoloji müharibə aparmalıyıq" EKSKLÜZİV

“Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda haqlı olaraq bildirdi ki, Gəncədəki cinayətləri törədən terrorçu qruplaşmanın məqsədi Azərbaycanda sabitliyi pozmaq olmuşdur. Hesab edirəm ki, bu Azərbaycanın dövlət sütunlarını sarsıtmaqdan ötrü atılmış addımlardır. Ölkə başçısı düzgün olaraq bu məsələni çox dəqiqliklə izah etdi”. Bunu SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanda ölkəmizi istəməyən xarici dövlətlərin əlində müəyyən şeylərə alət olmuş insanlar, partiyalar, qüvvələr var: “Təbii ki, bunlar çox ciddi məsələlərdir. Mən 2-3 ay bundan öncə saytların birinə verdiyim açıqlama da bildirmişdim ki, Azərbaycanda qarşılıqlıq gözlənilir. Çox təəssüflər olsun ki, bu öz təsdiqini tapdı. Burada Azərbaycanı istəməyən daxildəki və xaricdəki qüvvələr birləşiblər. Bu gün onlar istəyirlər ki, Azərbaycanda dövlət çevrilişi etsinlər. Həqiqətən də cənab Prezidentin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi iclasdakı çıxışı çox böyük təqdirəlayiq bir haldır. Gəncədə bizim iki polis qardaşımızın qətlə yetirilməsi böyük terror hadisəsi idi. Bu terror dövlətimizə qarşı amansız hücum idi. Bunların hamısının arxasında çox ciddi qüvvələr dayanır. Təbii ki, bu qüvvələrə qarşı da ciddi ideoloji müharibə aparmalıyıq. Biz hamımız dövlətçilik naminə ölkənin birinci şəxsinin ətrafında birləşib bu vəziyyətdən çıxmalıyıq. Bu gün Azərbaycana qarşı həm Qərbdən, həm də Avropadan çox böyük ideoloji müharibə gedir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...