"Azərbaycanda iğtişaşa çağırış edən saytlara qarşı inzibati tədbirlər görüləcək" AÇIQLAMA-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda söylədiyi kimi xaricdən ölkəmizi tutduğu mövqedən döndərməyə çalışan ciddi qüvvələr var ki, həmin qüvvələr fürsət düşən kimi Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Əlsəgərli deyib.

O bildirib ki, ölkəmizə qarşı yönələn qüvvələrin fəaliyyətləri yeni başlamayıb: “Xeyli müddətdir ki, fəaliyyət göstərən bu qara qüvvələrin məqsədi Azərbaycanda sabitliyi pozmaq, dövlətçiliyimizi, iqtidarı zəiflətmək, xalqla birliyini qırmaqdır. Təəssüf ki, bu cür siyasət artıq 10 ildən artıqdır ki, Azərbaycana qarşı davam edir. Lakin son hadisələr onların daha da aktivləşməsinə səbəb olub”.

M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanı istəməyən bu qüvvələr Gəncə hadisələri zamanı əhalini itaətsizliyə çağıraraq, proseslərin guya icra başçısına, sosial problemlərə yönəldiyini göstərməyə çalışdılar: “Amma təhlillər göstərdi ki, burada məsələ təkcə Gəncə və onun icra başçısında deyil. Onların məqsədi ümumi Azərbaycanda çaxnaşma yaratmaqdır. Bu qüvvələr qonşu ölkələrimiz olan İraq, Suriya ərəb dövlətlərində həyata keçirdikləri iğtişaşları Azərbaycana daşımaq istəyirlər. Buna görə də onlar sosial şəbəkələrdən, internet resurslarından ciddi şəkildə istifadə edirlər ”.

MŞ-nın sədr müavini qeyd edib ki, ötən gün keçirilən toplantıda dövlət başçısının da söylədiyi kimi bu cəhdlər əbəsdir: “Çünki Azərbaycan cəmiyyəti ayıq olmaqla yanaşı, həmin qüvvələrə lazımi cavab verir”.

M. Ələsgərli vurğulayıb ki, müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyasında iştirak edən saytlara qarşı mübarizə aparmağın iki effektiv yolu var: “ Birincisi əhaliyə, ictimaiyyətə düzgün məlumat verməkdir. Bunu hökumət və dövlət, media təmsilçiləri vətəndaş cəmiyyəti institutları, vaxtaşırı əhaliyə müraciət edib, onları ayıq olmağa çağırır, hansı informasiyaların təxribat xarakter daşıdığını aydınlaşdırırlar. İkinci effektiv yol bu cür saytlar haqında inzibati ölçü götürməkdir. Azərbaycanda 2017-ci ildə əsaslı şəkildə yenilənən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun var. Həmin qanun bu cür saytlara qarşı bloklama da daxil olmaqla əsaslı tədbirlər görməyə imkan verir. Eyni zamanda beynəlxalq Konvensiyalar var ki, onlar da bu cür saytlara inzibati hüquqi ölçü götürmək imkanı verir. Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi xüsusi olaraq bu cür hallarda dövlət və hökumətə, konstitusiya quruluşuna qarşı yönələn addımlarla bağlı inzibati tədbirlər görməsinə imkan verir. Hesab edirəm ki, bütün qanunvericilik aktlarından istifadə etməklə bu saytlara qarşı lazımi tədbirlər görüləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə