XİN və MN rəhbərləri ABŞ-dan olan həmkarları ilə görüşüblər

12 iyul tarixində NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşüblər. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.

Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov NATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.

Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Nazir Elmar Məmmədyarov həmkarına 11 iyul tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.

Xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət ediblər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə