“Bu hadisələrin xaricdən təşkil və idarə olunmasına zərrə qədər şübhə yoxdur” AÇIQLAMA

“Gəncə şəhər icra hakimiyyətinin başçısı E.Vəliyevə qarşı törədilmiş terror hadisəsindən çox az sonra, yəni iyul ayının 10-da şəhərdə icazəsiz mitinq keçirmək istəyən 150-200 nəfərlik başıpozuq dəstənin hərəkətlərinin qarşısını alan, şəhərdə ictimai-asayişin qorunması üçün öz vəzifə borcunu yerinə yetirən iki zabitin kəsici-deşici alətlərlə qətlə yetirilməsi hadisəsini ilk növbədə xarici düşmənlərin təşkilatçılığı ilə ölkəmizdə sabitliyi pozmaq üçün uzun müddət hazırlanmış, dini pərdə ilə maskalanmış kriminal radikal qrupların fəaliyyəti hesab edirəm”. Bunu SİA-ya açıqlamasında "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, bu hadisələrin xaricdən təşkil və idarə olunmasına zərrə qədər şübhə yoxdur: “Hadisələrin gedişindən aydın hiss olunur ki, Azərbaycanın regionda sabitlik adasına çevrilməsi, onun siyasi, iqtisadi, hərbi gücünün və nüfuzunun durmadan artması, xüsusən iyunun 26-da Ordumuzun yaranmasının 100 illiyi ilə bağlı "Azadlıq" meydanında təşkil olunan hərbi paradda nümayiş etdirilmiş hərbi texnika və silahların gücündən vahiməyə düşmüş qonşu düşmən dövlətlər ölkəmizdə vətəndaş qarşıdurması yaradıb, sabitliyi pozmağa girişiblər. Düşmənlərin ölkəmizdə təşkil etdikləri bu cür təxribatı ilk hadisə deyil. Qubada, Nardaranda, İsmayıllıda da xaricdən təşkil və idarə olunan bu cür təxribatlar törətdiklərini, təşkilatçıların və iştirakçıların necə uğursuzluğa düçar olduqlarını, dövlətimizin qanunlarının ən sərt müddəaları ilə cəzalandırılıqlarını yaxşı xatırlayırıq. Şübhə etmirəm ki, dövlətimiz və xalqımız bu dəfə də düşmənlərimizin məkrli məqsədlərinin ölkəmizdə reallaşmasına imkan verməyəcək və Dövlət-xalq birliyi hər cür təxribatın qarşısı layiqincə alınacaq, Azərbaycan seçdiyi uğurlu yoluna davam edəcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə