“Silahsız polislərimizin qətlə yetirilməsi insanlığa sığmayan haldır” AÇIQLAMA

“Gəncədə bir qrup "dindar"ın qanunsuz aksiyasının qarşısını alarkən iki polis zabitinin qətlə yetirilməsi Azərbaycanda sabitliyin pozulması və insanlar arasında qorxu, təşvişin yaradılmasına xidmət edir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya İnformasiya Agentliyinin (avrasiya.net) baş redaktoru Cavid Şahverdiyev deyib.

Onun sözlərinə görə, bu ssenari xaricdən hazırlanıb: “Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi bu ssenarinin bir hissəsidir. İyunun 10-da Gəncədə qeyri-qanuni təşkil edilən aksiyada radikallar iki polis zabitimizi qətlə yetirərək ssenarinin digər hissəsini həyata keçirdilər. Polisimizin həmin radikalların qarşısına əliyalın, silahsız çıxması dövlətin qanunlara riayət etməyən vətəndaşlarına belə humanizminin göstəricisidir. Lakin silahsız polislərimizin qətlə yetirilməsi heç bir insanlığa sığmayan haldır, özü də "dindar"lar tərəfindən. Bu hadisə bütün Azərbaycanı təəssüfləndirib. "İnanc" sahibi, onu qoruyan polisini qətlə yetirib. Nəyə görə?. Çünki tapşırıq bu olub: Polis qətlə yetirilsin, ara qarışsın, polis dindarlara qarşı silah işlətsin və s... Ssenari bu olub. Amma Azərbaycan polisi silahsız, dəyənəksiz onları qanunun aliliyinə hörmətlə yanaşmağa dəvət etdi. Cavab isə qətl oldu. Özünü imanlı sayan heç bir dindarın əli qana bulaşmamalıdır. Polislərimizi qətlə yetirən hər iki şəxs radikal dini qruplaşmanın üzvüdürlər. Azərbaycanda belə qruplaşmaların fəaliyyəti mümkünsüz olduğundan çox güman ki, onlar kənarda təlim keçib, Azərbaycana ezam ediliblər. Məqsəd qanunsuz aksiyalarda iştirak etməklə qarşıdurma yaratmağa cəhdlər göstərməkdir. İki polis zabitimizi qətlə yetirmək bütöv cəmiyyətimizə qarşı törədilən terror hadisəsidir. Kənardan Azərbaycana ezam ediləcək belə dindarların sayı az deyil. Amma hüquq-mühafizə orqanlarımız və güc strukturlarımız həmişə ölkəmizin təhlükəsizliyini qoruyublar və bundan sonra da qorumaq gücündədirlər. Bütün Azərbaycan vətəndaşları həmin orqanlarla həmrəy olmalıdır. Azərbaycan xalqı hakimiyyətlə həmrəydir. Radikallar heç bir zaman Azərbaycanımızı Suriyaya döndərə bilməyəcəklər. Azərbaycan qorunur, onun dövləti, dövlətçiliyi və mərd övladları var. Ölkəmizi, dövlətimizi, sabitliyimizi, gələcəyimizi qorumalıyıq. Dini radikalizm və terrora qarşı birləşməliyik. Bu işdə hamımız həmrəy, mübariz olmalıyıq. Radikalların Gəncədə qan tökməsi heç birimizdə təşviş yaratmamalıdır, dövlətimizin gücünü göstərməliyik. Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq, imkan verməməliyik ki, Azərbaycanda sabitlik, əmin-amanlılıq pozulsun. Azərbaycanımızı, vətənimizi, torpağımızı, millətimizi qorumaq naminə şəhid olmaqdan qürur duymalıyıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə