Gəncəlilər təxribatçıları lənətləyirlər SORĞU - ÖZƏL

İyulun 10-da Gəncədə baş vermiş hadisələr cəmiyyətdə ciddi narahatlıq, etirazlar doğurmaqda və hər kəs tərəfindən açıq şəkildə pislənməkdədir. Gəncə sakinləri də baş verənləri dövlətə qarşı yönələn terror hadisəsi kimi dəyərləndirirlər. Onların xaricdən idarə edildiyi və ölkədə qarışıqlıq yaratmağa hesablandığı önə çəkilir. Gəncəlilər dövlətini sevən vətənpərvər insanlardır. Gəncədə “etiraz aksiyası” adı altında törədilən bu cinayətin təşkilatçıları, iştirakçıları dövlətimizin dayaqlarını sarsıtmaq istəyən radikalların, xarici kəşfiyyat orqanlarının əla altılarıdır. Dövlətçiliyi daim sadiq olan gəncəlilər təxribatçıları lənətləyirlər.

Baş verənlər nəticəsində həlak olan iki polis əməkdaşının dəfn mərasimində iştirak edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, hər iki polis əməkdaşı onlar əmin-amanlığa, cinayətkarlığa qarşı mübarizə apararkən şəhid olublar: “Onlar qorxmadan, cəsarətlə cinayətkarların qarşısına çıxaraq, Gəncədə, ölkədə sabitliyin qorunması üçün andlarına sadiq qalıb, dövlətçiliyinə sədaqətlərini göstərib, polis şərəfini qoruyublar. Onlar şəhid olaraq, minlərlə insana bildiriblər ki, cinayətkarlığa amanverilməyəcək”.

Gəncə sakini Fərmail Paşayev bildirib ki, iyulun 10-da baş verənlər Gəncəyə yaraşmayan hadisələrdir: “Gəncə hər zaman öz qonaqpərvərliyi, insanları xoş qarşılamağı ilə tanınan Gəncə bu gün narahatdır. Ona görə ki, bir çox qüvvələr şəhərimizdə olan sakitliyi pozmağa çalışır, insanlar arasında təbliğat aparırlar. Biz baş verənləri pisləyir, yenidən şəhərimizdə əmin-amanlıq, sülh olmasını istəyirik. İyunun 10-da baş verənlər bütün şəhəri sarsıdıb. Hər zaman insanların yanında olan Azərbaycan polisi iki şəhid verdi. Onların hər biri Vətənimiz, Gəncə üçün yararlı insanlar idi. Allah onlara rəhmət eləsin! Bir daha baş verənlərə üzülür, terrora, insan məhvinə, bütün baş verənlərə hamılıqla yox deyirik !”.

Yaşadığı şəhərdə baş verən gərgin hadisələrə etirazını bildirən Gəncə Dövlət Kamera Orkestrinin bədii rəhbəri Rafael Bayramov hadisələrin ölümlə nəticələnməsinə təəssüfünü qeyd edib: “Hadisə nəticəsinə iki polis əməkdaşımızın ölümü məni çox təəssüfləndirir. Allah onlara rəhmət eləsin! İstənilən problemi danışıqlar vasitəsilə həll etmək mümkündür. Ancaq gənclərimizin bu cür hadisələrə qoşulması və nəticədə qətl hadisəsinin törədilməsini pisləyirəm. Baş verənlərə etiraz olaraq bildirmək istəyirəm ki, biz elə bir cəmiyyətdə yaşayırıq ki, bütün məsələləri sivil və ali qanunvericilik orqanlarına müraciət etməklə yoluna qoymaq olar ”.

Hadisələrin qəfildən cərəyan etdiyini deyən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova söyləyib ki, baş verənlər şəhər sakinlərində çaşqınlıq yaradıb: “Bu hadisələr özbaşına deyil, xaricdən uzanan əllərin hesabına baş verdi. Hər kəsə məlumdur ki, xaricdən uzanan əllər hər zaman ölkədə zəif nöqtə axtarmağa çalışırlar. Din pərdəsi altında iğtişaşlar yaratmaq istəyənlər öz istəklərinə nail olmaq üçün radikal dindarlardan istifadə edirlər. Baş verənlər düşmən dəyirmanına su tökməkdir. Bunu edənlərə xəyanətkar demək olar. Bu xəyanət məni çox sarsıtdı. Terror hadisəsinə yox deyir və bildirmək istəyirəm ki, bu cür addımlar heç kimə xoşbəxtlik gətirməyib. Ölkəmizdə dövlətimizi, gələcəyimizi, torpağımızı qorumaq üçün iqtidar-xalq birliyi var. Bir qrup xoşagəlməyən insanların hərəkətləri cəmiyyətin adına yazmaq düzgün deyil. Onlar öz dövlətini, ölkəsini yaxşı tanımayan, reallıqları görmək istəməyən, ünsürlərdir. İki polisimizin şəhid olması mənə çox pis təsir etdi. Şəhidlərimizin vətənə sevgisi, vətənpərvərliyi, dövlətimizi qorumaq uğrunda canlarını fəda etməsi qürurverici haldır. Biz əminik ki, onların qanı yerdə qalmayacaq”.

Gəncə sakini Hüseyn Budaqov isə deyib ki, şəhər əhalisi iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyəti binasının qarşısında baş verənlərdən çox narahatdır: “Bu hadisəni kriminal adlandırmaq sadəlövhlük olar. Baş verənlər ciddi şəkildə dövlət təhlükəsizliyinə, dövlətə və dövlətçiliyimizə bir təhdid formasıdır. Mən də hər kəs kimi baş verənləri qəti şəkildə pisləyir, cinayətkarların məsuliyyətə cəlb edilməsini gözləyirəm. İnanıram ki, şəhərimizdə əmin-amanlıq, sabitlik davam edəcək və Gəncə şəhərini öz inkişafını davam etdirəcək”.

İyulun 10-da Gəncə üçün ağır gün olduğunu dilə gətirən şəhər sakini Əhmədov Orxan qeyd edib ki, həmin əmin-amanlığımız, sabitliyimizin qorunması naminə iki polis əməkdaşımızın cəsarəti qürurvericidir: “Polis zabitlərimiz cinayətkarlara qarşı mübarizə apararkən qətlə yetiriliblər. Onları xatirəsi təkcə Gəncə deyil, Azərbaycan xalqının xatirəsində əbədi olaraq yaşayacaq. Allah onlara rəhmət eləsin! ”.

İki polis zabitinin cinayətkarlar tərəfindən qətlə yetirilən günü şəhər əhalisi üçün ən ağır gün hesab edən “Gəncənin Səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova vurğulayıb ki, şəhidlik zirvəsinə yönələn bu zabitlər ölkədə əmin-amanlığı qorumaq üçün sinələrini sipər ediblər: “Hər bir ana övladlarının sağlam, sabit mühitdə böyüməsini, asayişi qorunan ölkədə yaşamasını arzu edir. Bütün bunlar Azərbaycan üçün reallıqdır. Biz qüdrətli Azərbaycan vətəndaşıyıq və bununla hər zaman fəxr edirik. Adam var evdən gedir, adam var eldən gedir. Hadisələr nəticəsində həlak olan qəhrəman oğullarımız eldən getdi. Onlar el üçün özlərini fəda etdilər. Bütün gəncəlilərə başınız sağ olsun deyirəm. Gəncəlilər Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onların Vətənə, dövlətçiliyə sədaqətini heç ə ilə sarsıtmaq olmaz. Anti - Azərbaycan qüvvələr bilsin ki, bizim cərgəmiz pozulmazdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə