Təxribatçı qüvvələr öz mənfur, çirkin əməlini reallaşdıra bilməyəcəklər ANALİZ

Bölücülük və dağıdıcılıq əsasında sifarişlər əldə edən resurslar ifşa olundular

Gəncədə baş vermiş terror hadisəsinin ardınca, bu qanlı olaydan sui-istifadə edib, növbəti təxribat hadisələrini törətməyə cəhd göstərənlər sırasında bir sıra saytların, facebook səhifələrinin də canfəşanlıqlarını müşahidə etdik. Məqsəd, vətəndaş qarşıdurması və itaətsizliyi yaradaraq, situasiyanı alovlandırmaq, milli, etnik və dini ayrıseçkilik zəminindəki zəhərli fikirləri ictimai rəyə sırımaq və s. çirkin əməlləri reallaşdırmaq idi. Lakin hadisələr tam şəkildə hüquq-mühafizə orqanlarının, eləcə də dövlət strukturlarının nəzarətinə alındıqdan sonra bəlli oldu ki, müəyyən saytlar və sosial şəbəkə səhifələri bilavasitə xaricdən idarə edilir və maliyyələşdirilirdi. Biz, bunu hələ Mingəçevirdə baş vermiş məlum qəzadan sonra gördük.

Sosial şəbəkələrdə vətəndaş qarşıdurmasına və itaətsizliyə çağırış edən ayrı-ayrı fərdlər müvafiq olaraq, məsuliyyətə cəlb edildilər

Məhz həmin qəza baş verər-verməz, hətta onun fəsadları aradan qaldırılarkən, bir sıra anti-dövlət xarakterli sosial şəbəkə səhifələri eynilə bənzər ssenari ilə hərəkətə keçərək, süni ajiotaj yaratmağa cəhdlər göstərdilər. Lakin nə onda, nə də sonra heç bir nəticə əldə edə bilmədilər. Əksinə, bölücülük və dağıdıcılıq əsasında sifarişlər əldə edən resurslar ifşa olundular. O cümlədən, sosial şəbəkələrdə vətəndaş qarşıdurmasına və itaətsizliyə çağırış ayrı-ayrı fərdlər müvafiq olaraq, məsuliyyətə cəlb edildilər.

Ancaq daha bir fakt budur ki, radikal dini qruplaşmalara məxsus və xaricdən idarə edilən nuraz.com, abna.com, aran.news, qafqaz.ir, rasthaber.com, ru-clip.ru və s. bu kimi internet resursları hazırda da Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlərini davam etdirərək, Gəncə hadisələrində həbs olunmuş radikal-kriminal dini qrupları necə deyərlər, “təmizə” çıxarmağa cəhdlər göstərirlər.

Azərbaycanın hüquq-mühafizə orqanları əzmlə fəaliyyət göstərməklə, cinayət törətmiş şəxslərin saxlanılaraq istintaqa cəlb edilmələri istiqamətində uğurlu əməliyyatlar həyata keçirirlər

O da sirr deyil ki, dağıdıcı müxalifət dairələrinə məxsus sosial şəbəkə səhifələri və media qurumları məhz xarici qaranlıq dairələrin sifarişləri əsasında stabil vəziyyəti qeyri-stabil vəziyyətlə əvəzləməyə cəhdlər göstərirlər. Bu isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, ortada sırf separatçılıq meylləri mövcuddur və belə meyllərin qarşısının alınması istiqamətində Azərbaycanın hüquq-mühafizə orqanları əzmlə fəaliyyət göstərməklə, cinayət törətmiş şəxslərin saxlanılaraq istintaqa cəlb edilmələri istiqamətində uğurlu əməliyyatlar həyata keçirirlər. Həmçinin, bu istiqamətdə xalqımız da öz qətiyyətli mövqeyini sərgiləməkdədir. Bu qətiyyətli mövqe isə sübut edir ki, heç bir təxribatçı qüvvələr öz mənfur, çirkin əməlini reallaşdıra bilməyəcək. Əksinə, buna cürət edərlərsə, daha sərt cavabla qarşı-qarşıya qalmalı olacaqlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...