Elşən Musayev: “Azərbaycan dövləti möhkəm dayaqlar üzərində qurulub" EKSKLÜZİV

“Sosial şəbəkələrdəki çağırışları dinləyəndən, oxuyandan sonra tam aydın olurdu ki, siyasətdən, ictimai-siyasi proseslərdən baş çıxarmayan adamlar belə agah idi ki, onlar hansısa nöqtədən, mərkəzdən idarə olunurlar. Təbii ki, çata bilməzlər. Çünki ölkə daim inkişafdadır. Məhz elə bu inkişafı gözügötürməyən şəbəkədir ki, uzun müddət Azərbaycanla informasiya müharibəsinə qalxmaq istəyirlər. Amma istəklərinə nail ola bilmirlər. Azərbaycan hər zaman bu cür təhdidlərlə üzbəüz qalıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, ölkəmiz daima inkişaf etdikcə onu gözügötürməyən qüvvələr belə bir təxribatlara əl atıblar: “Sadəcə fərq ondan ibarətdir ki, Azərbaycan bu dəfə bu forsmajoru gözləmirdi. Nə üçün gözləmirdi? Çünki hadisələr Gəncədə cərəyan etdiyinə görə, Gəncə əhalisi gər zaman dövlətə və dövlətçiliyə bağlı insanlar olub və öz Prezidentini dəstəkləyib. Məsələ burasındadır ki, bu gün baş verən hadisələr də Gəncə camaatının iradəsindən kənarda baş verən hadisələrdir. Hətta polislərin qətlə yetirilməsi videosuna baxdıqda belə aydın olur ki, insanlar sakit şəkildə parkda gəzirlər və istirahət edirlər. Bu zaman bir qrup hansısa şəbəkənin idarə etdiyi terrorçu gizləndikləri yerdən çıxaraq polislərin üzərinə hücum edirlər.

Ümumiyyətlə Azərbaycanın son müstəqillik tarixində heç vaxt polis öz vətəndaşına qarşı ağır hərəkətlər etməyib. Hərçənd ki, onların təlimatında lazım gələrsə atəş açmaq, dövləti, dövlətçiliyi qorumaq üçün bir çox üsullara əl atmağa ixtiyarı var. Amma polislər ora silahsız getmişdilər. Axı belə bir insanları necə öldürmək olar? Bu çox absurddur və insani hərəkət deyil. Bu gün hansı dövlətdə kimsə əlində qılıncla, daş-kəsəklə mitinqə gedir? Mitinq etiraz bir nümunəsidir və narazılıq ifadəsidir. O dəqiqə görünür ki, bu şəbəkə özünü ifşa edir. Hətta Gəncə şəhər İcra hakimiyyətinin başçısına sui-qəsd olan zaman həmin terrorçunu yüksəltməyə çalışırdılar. Sosial şəbəkələrdə xain, quldur dəstələr onu “milli qəhrəman” kimi qələmə verirdilər. Amma sonrakı proseslər onların iç üzünü açdı. Şübhə etmirəm ki, Azərbaycanın təhlükəsizlik, hüquq-mühafizə orqanları bu cinayətlərin motivini, kökünü tez bir zamanda tapacaq. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini möhkəm dayaqlar üzərində qurub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də Azərbaycan dövləti bir qarant, təməl olaraq elə bir şəkildə qorunur ki, heç kim o təmələ ziyan vura bilməz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə