Təranə Kərimova: “Xalqımız daha ayıq-sayıq olmalıdır”

“Gəncə hadisələri bir daha göstərdi ki, hüquqi və demokratik dövlət olan Azərbaycanda sabitliyi pozmağa çalışan daxili və xarici düşmənlər var”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova baş verən olaylara münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu kimi məsələlərdə daha çox nəzərə çarpanlar xarici ölkələrdən idarə olunan, Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa cəhdlər göstərən, milli, etnik, dini ayrıseçkiliyi təbliğ edən qüvvələr oldular ki, belələrinin cəhdləri uğursuzluqla nəticələndi: “Söz yox ki, bu kimi cəhdlərin Azərbaycan ictimaiyyətinə, sağlam düşüncəli ictimai rəyə heç bir təsiri olmadı. Çünki ölkəmizdə mövcud olan və möhkəm təməllərə əsaslanan xalq-dövlət və hakimiyyət birliyi var. Bu birliyin pozulmasını istəyənlər çox oldu. Hətta bu gün özlərini ənənəvi müxalifət partiyalarının “liderləri” adlandıran şəxslər sosial şəbəkələrdəki trolları vasitəsi ilə itaətsizliyə çağırışlar etdirdilər. Lakin bunun heç bir səmərəsinin olmadığını gördükdən sonra geri çəkilməyə məcbur oldular. Xalqın gözü tərəzidir və atılan hər bir addım diqqətlərdən yayınmır”.

Təranə Kərimova onu da qeyd edib ki, hadisələr zamanı iki yüksək rütbəli polis zabitinin vəhşicəsinə qətlə yetirilməsi və bu qətllərdə radikal dini qruplaşmaların adlarının hallanması bəlli xarici qüvvələrin mənfur sifarişlərinin nəticəsidir. “Zaman-zaman gizli fəaliyyət göstərən həmin qüvvələr son günlər açıq-aşkar şəkildə dövlətimizin mənafeyinə qarşı çirkin niyyətlərini ortaya qoydular. Ancaq Azərbaycan xalqının iradəsi və sabitliyə birmənalı olaraq dəstək göstərməsi belə qaranlıq niyyətləri darmadağın etdi”-deyə qeyd edən Təranə Kərimovaya görə, Azərbaycan etibarlı əllərdədir: “Ölkə başçımız, cənab Prezident İlham Əliyevin ətrafında birləşən xalqımız inanır ki, heç bir daxili və xarici qüvvə Azərbaycanın hüquqi, demokratik dövlət quruluşuna qarşı mənfur əməllərini reallaşdıra bilməyəcək. Dövlət başçımız məhz bu faktor əsasında qətiyyətli siyasətini yeritməkdədir. O, dəfələrlə öz çıxışlarında vurğulayıb ki, heç bir qüvvə müstəqil Azərbaycan dövlətinin möhkəm təməllərə söykənmiş əsaslarına xələl gətirə bilməz. Bəli, xalqımız ölkə başçımızın bu fikirləri ətrafında birləşərək, dövlətçiliyimizin qorunmasında dönməz mövqeyini nümayiş etdirir”.

YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri həmçinin qeyd edib ki, baş verən məlum olaylardan sonra xalqımız daha ayıq-sayıq olmalı, mənfur qüvvələrin ifşa olunmasında dövlətlə çiyin-çiyinə addımlamalıdır: “Hesab edirəm ki, dövlətçiliyimiz əleyhinə qarşı təxribat törədənlər Azərbaycan qanunvericiliyinin ən sərt üzü ilə qarşı-qarşıya qalacaqlar. İstər Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd edən xəyanətkar, istərsə də, polis zabitlərimizi qətlə yetirən cinayətkarlar və onların havadarları layiq olduqları cəzalarını alacaqlar”.

Rəfiqiə Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə