Ziyafət Əsgərov Bolqarıstanı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik, və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk ilə görüşü keçirilib. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Parlamentin birinci vitse-spikeri qonağı salamlayaraq, bu cür görüşlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. Dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların münasibətlərin gücləndirilməsində önəmli rol oynadığını vurğulayıb. Qeyd edilib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. İqtisadi, ticarət, energetika, mədəni sahələrdə əməkdaşlığımız dinamik inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsini yüksəltmək üçün geniş potensial imkanlar mövcuddur.
Bildirilib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində parlamentlərin rolu böyükdür. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının əməkdaşlığı təcrübə və informasiya mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, deputatlardan ibarət nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyəti təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə gedən quruculuq işləri, müşahidə olunan yüksək tərəqqi ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması daha sürətli inkişafımıza mane olur və yerləşdiyimiz bölgənin təhlükəsizliyini təhdid altında saxlayır. Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq qurumların qəbul etdiyi qərarlar mövcuddur. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin qeyri-şərtsiz işğal olunmuş torpaqlardan çıxarılması qeyd olunur, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı dəstəklənir. Lakin təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfi bütün bu sənədlərə məhəl qoymur, öz işğalını davam etdirir. Ziyafət Əsgərov Bolqarıstanı bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk səfərdən məmnun qaldığını, Milli Məclisdə olmaqdan şərəf duyduğunu dedi. O, burada keçirdiyi görüşlər, aparılan müzakirələr barədə danışıb. Ölkələrimiz arasında nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın vacibliyini söyləyib.
Bildirildi ki, Bolqarıstan Azərbaycanla münasibətlərin inkişafına böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız yüksək səviyyədədir. Qarşılıqlı faydalı əlaqələrin inkişafında qanunverici orqanlar arasında əməkdaşlıq xüsusi önəm daşıyır. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi çox əhəmiyyətlidir.
Qonaq Dağlıq Qarabağ məsələsində Bolqarıstanın mövqeyinin dəyişməz olduğunu söyləyib. Ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Bu istiqamətdə keçirilən yüksək səviyyəli görüşləri, aparılan danışıqları alqışladıqlarını deyib.
Söhbətdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi,əməkdaşlığın gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın ölkəmizdəki səfiri Nikolay Yankov və digər rəsmi şəxslər iştirak ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...