Bakıda Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək XİN sözçüsü

“28 iyun tarixində Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək. Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur”. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır: “Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir. 28 iyun tarixində Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

28 iyun tarixində Bakıda Əfqanıstanla əlaqədar keçirilən tədbir budur. Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib. Kütləvi informasiya vasitələrində verilən məlumata görə Əfqanıstan Prezidenti Əşrəf Ğani Talibanla sülh danışıqları üçün müraciət edib və bu xüsusda, Kabildə tədbirin keçirilməsi nəzərdə tutulur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə