Türkiyə xalqı daha uğurlu gələcəyinə səs verdi ANALİZ

Rəcəb Tayyib Ərdoğanın qələbəsi ölkənin inkişaf modelinə cəmiyyət tərəfdən dəstək verilməsindən xəbər verir

Türkiyədə keçirilən seçkilər dünya miqyasında marağa səbəb oldu. Bu hadisənin ölkənin daxili siyasi mühitində baş verən proseslərin məzmunu və xarakterinin müəyyən edilməsi baxımından əhəmiyyəti danılmazdır. Regional geosiyasi proseslərdə rəsmi Ankaranın oynaya biləcəyi rol da dəqiqləşdirilməlidir. Qlobal səviyyədə müşahidə edilən ziddiyyətlərin həllinə Türkiyənin hansı töhfələri verəcəyi də sıradan bir məsələ deyil. Onu da qeyd edək ki, mütəxəssislər Rəcəb Tayyib Ərdoğanın və AKP-nin qələbəsini bir sıra müsbət aspektlər kontekstində təhlil edirlər. Türkiyənin istər region, istərsə də beynəlxalq aləmdə oynayacağı bundan sonrakı rolu ətrafında maraqlı tezislər irəli sürülür və proqnozlar verilir. Bütövlükdə isə, geosiyasət üçün aktual olan bır sıra mühüm məqamlara toxunulur.

Türkiyədəki seçkilərin sivil siyasi mübarizənin qaydalarına uyğun keçirilməsi müsbət qiymətləndirilir

Bütövlükdə, AKP-nin və Rəcəb Tayyib Ərdoğanın birmənalı qələbəsi həm də siyasi qüvvələr nisbətini ifadə edir. Bəzi mütəxəssislər burada siyasi qütbləşmənin əlamətlərini görürlər. Lakin eyni zamanda, analitiklər bildirirlər ki, seçkilərdə uduzan müxalifətin özü də kifayət qədər marginallaşıb.

Bütövlükdə isə, Türkiyədəki seçkilərin sivil siyasi mübarizənin qaydalarına uyğun keçirilməsi müsbət qiymətləndirilir. Rəcəb Tayyib Ərdoğanın qələbəsi ölkənin inkişaf modelinə cəmiyyət tərəfdən dəstək verilməsindən xəbər verir. Daxili siyasətdə əldə edilən uğurlar xarci siyasətdə də özünü göstərəcək. Belə ki, seçkilərin nəticələri eyni zamanda rəsmi Ankaranın xarici siyasət kursuna sadiq qalacağını ifadə edir. Məsələ bundadır ki, Türkiyə faktiki olaraq böyük və köklü dövlət olduğunu bir daha təsdiqlədi. İqtidarda olanların kimliyindən asılı olmayaraq, Ankara sabit xarici siyasət həyata keçirir. Həmin səbəbdən R.T.Ərdoğanın prezidentliyi dövründə Azərbaycanın Türkiyəyə ən yaxın tərəfdaş olacağına şübhə yoxdur.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev ölkələr arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaqlar

Azərbaycan Prezidenti İlham Əliyevin R.T.Ərdoğanı səmimiyyətlə təbrik etməsi və əməkdaşlığın inkişafı aspektində müəyyən təkliflər irəli sürməsi bunun əyani sübutudur. Bu, həm də onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev ölkələr arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaqlar.

Qeyd edək ki, Türkiyədə keçirilmiş prezident seçkisi ümumən Yaxın Şərqdə geosiyasi mənzərənin yeniləşməsinə səbəb ola bilər. Həmin regionda hadisələrin gedişatı göstərir ki, Ankara kifayət qədər balanslaşdırılmış və ədalətli siyasət yeridir. Bütün bunlar isə Türkiyədə prezident seçkisinin nəticələrinin ölkədaxili, regional və qlobal miqyasda siyasi proseslərə təsir edə biləcəyini göstərir. Beləliklə, seçkilərin nəticələri bir çox aspektlərdə yeniləşmələrin olacağı proqnozlaşdırılır və bu proqnozların reallaşdırılması öz uğurlu və məntiqi nəticələrini tezliklə verəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə