Millət vəkili: “Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir" MÜNASİBƏT

“24 iyunda Türkiyə Respublikasında prezident və parlament seçkilərində AK Partiyası qələbə qazanıb. Təbii ki, bu qələbə gözlənilən idi. Çünki, türk xalqı prezident Rəcəb Tayyip Ərdoğanın siyasətindən razıdır və son illər ərzində Türkiyənin beynəlxalq mövqeləri möhkəmlənib, ölkə inkişaf yolundadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, prezident Ərdoğanın rəhbərliyi altında Türkiyənin vahidliyi qorunub saxlanıb və beynəlxalq arenada öz sözü olan ölkəyə çevrilib: “Seçkilərdə cənab Ərdoğanın qələbəsi də xalqın prezidentə olan etimadı və etibarı deməkdir. Seçkidən sonra cənab Ərdoğanın rəhbərliyi altında Türkiyə inamla yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq.

Azərbaycan –Türkiyə münasibətlərindən danışanda isə qeyd etmək istəyirəm ki, cənab Ərdoğanın rəhbərliyi Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Türkiyə-Azərbaycan bir millət, iki dövlət olmaqla yanaşı həm də strateji partnyorlardır. Azərbaycan Türkiyəyə milyardlarla dollar investisiya qoyub. Azərbaycanın təşkilatçılığı və rəhbərliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əksəriyyəti Türkiyədən keçir. Türkiyədə siyasi sabitliyin olması və iqtisadiyyatın güclənməsi Azərbaycanın qlobal layihələrin əhəmiyyətini daha da artırır. Hər şeydən əvvəl dövlət rəhbərlərimiz arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da inkişafına öz təsirini göstərir. Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir və düşünürəm ki, bu belə də olacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə