Regionun 100 yaşlı ən güclü ordusu ŞƏRHLƏR

Sabah Azərbaycan Silahlı Qüvvələri 100 yaşını qeyd edəcək. Bir əsrlik şərəfli tarixə malik Azərbaycan ordusu yarandığı ilk gündən vətənin keşiyində durmaqla yanaşı, fədakarlıqla mübarizə aparır, çox böyük qələbələrə imza atmaqdadır. SİA ordumuzun 100 illiyi ilə əlaqədar deputatların fikirlərini təqdim edir:

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov: “Əvvəlcə onu qeyd edim ki, artıq 20 ildir ki, iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.

Təcrübədən və tarixdən məlumdur ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Ümumiyyətlə, son 15 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir”.

Millət vəkili Rauf Əliyev: “Sabah Azərbaycan Xalq Cumhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaradılmasının 100 ili tamam olacaq. Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına başlanıb. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad edib. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnmək, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra 1971-ci ilin iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb fəaliyyətə başladı. Hərbi lisey milli zabit kadrlarının hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin milli ordumuzun formalaşmasında müstəsna rolu olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olub. Ordu quruculuğuna yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanılıb. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarının diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilib, öz hərbi potensialına görə dünya ölkələri içərisində 50-ci yerdə qərarlaşıb. Milli Ordumuzun yaranmasının 100-illik yubileyi münasibəti ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərini eləcə də bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir, qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsində uğurlar arzu edirəm".

Millət vəkili Eldəniz Səlimov: “Azərbaycan Milli Ordusunun 100 illiyi hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır. 1918-ci ildə yaradılan Milli Ordu kiçik zaman kəsiyində formalaşmağa başladı və yadelli işğalçılara qarşı mübarizəyə qoşuldu. Lakin müstəqillik qazanmış ölkəmiz xarici qüvvələrin işğalçılıq siyasəti nəticəsində 23 aylıq müstəqilliyini əldən verdi. Ölkəmiz ikinci dəfə müstəqilliyinə qovuşduğu zaman Milli Ordumuz güclənmək əvəzinə kiçik hissələrə bölünməklə şəxsi ordu hissələrinə çevrilmişdi. Ölkədə hərc-mərclik baş alıb gedirdi. Çıxış yolu Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyət qayıdışı idi. Xalqın təkidi ilə Ulu Öndər ölkə rəhbərliyinə gətirildi və məhz ordu quruculuğu həmin gündən başladı. Bu gün Azərbaycanın Milli Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək regionun ən güclü ordusunun birinə çevrilib. Hərbi sənaye gendən-gündə inkişaf edir ordu quruculuğunun müasir texnika ilə təmin olunmasını təmin edir. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordunun yarandığı 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü kimi bayram edilir. Bayram münasibətilə hər kəsi təbrik edir, ordumuza uğurlar arzulayırıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə