Hikmət Babaoğlu: "Türkiyə xalqı ən doğru qərarı qəbul etdi" ŞƏRH

"Türkiyə Cümhuriyyəti 24 iyun seçkilərilə ən yeni siyasi tarixinin mühüm bir mərhələsinə qədəm qoydu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, bu mərhələdən sonra başlayan siyasi era qardaş ölkənin önümüzdəki yüzillikdə yerini və rolunu müəyyən edəcək: "Mən bu seçkini önümüzdəki yüz illik kontekstində təsadüfən qiymətləndirmirəm. Hazırda beynəlxalq münasibətlər tarixinin çox mürəkkəb bir dövrünü yaşamqdayıq və Türkiyənin yerləşdiyi geostrateji rayon da daxil olmaqla bütövlükdə Yaxın Şərq və Şimali Afrika təhlükəsizlik baxımından ən çox təhdidlərə məruz qalan bir siyasi coğrafiyadır. Bu təhdidlərin mənbəyi bir sıra imperialist mərkəzlərdir. Onlar həmin siyasi coğrafiya üzərində siyasi və demoqrafik mühəndislik edərək yeni hibrid müharibələr vasitəsilə öz maraqlarına xidmət edəcək yeni nizam yaradırlar".

H.Babaoğlu deyib ki, belə kiritik mərhələdə Türkiyənin regionun ən güclü aktoru kimi davranışları həm öz siyasi gələcəyi, həm də bütövlükdə regionun gələcəyi üçün olduqca vacib idi: "Qısacası ya türk xalqı doğru qərar qəbul edərək dövlətçilik və regionda söz sahibi ola bilmə problemini həll edəcək, ya da müsəlman Şərqinin digər dövlətlərinin taleyini yaşamağa məhkum ediləcəkdi. Düşünürəm ki, Türkiyə xalqı bu siyasi reallığı obyektiv qiymətləndirməyi bacarmaqla ən doğru qərarı qəbul etdi. Cümhur İttifaqının qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından olduqca mühüm bir hadisədir. Qələbənin təmin olunmasında isə heç şübhəsiz ki, təcrübəli dövlət adamı, ciddi siyasi iradə nümayiş etdirməyi bacaran, Türkiyənin milli maraqları baxımından mühüm qərarlar qəbul edən Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti əhəmiyyətli rol oynadı. Ədalət naminə qeyd etmək lazımdır ki, bu prosesdə Milliyyətçi Hərəkat partiyasının da başından bəri prinsipial mövqe ortaya qoyması, əslində bu ittifaqın gələcəyini və bütövlükdə qardaş ölkənin uğurlu siyasi gələcəyini müəyyən etdi".

Millət vəkilinin sözlərinə görə, başqa bir məsələ ondan ibarətdir ki, Türkiyə bu seçkilərdən sonra yeni idarəetmə üsuluna keçəcək və Prezident üsul idarəsilə idarə ediləcək: "Həm tarixi reallığı, həm də bu günki siyasi prosesləri nəzərə alsaq deyə bilərik ki, bu mürəkkəb mərhələdə yeni idarə üsulunun tətbiqi həm milli mentalitetimiz, həm də siyasi məqsədlərə çatmaq baxımından ən doğru olandır. Türkiyə kimi mürəkkəb bir coğrafiyada yerləşən, olduqca mürəkkəb demoqrafik və ideoloji daxili mikrostruktura malik olan bir ölkənin vahid bir mərkəzdən idarə olunması sosial sifariş kimi ortaya çıxmışdı və Türkiyə xalqı öz sifarişini demokratik seçkilər vasitəsilə təmin etdi".

Seçkilərdən sonra Türkiyə-Azərbaycan münasibətlərinin perspektivlərinə gəldikdə isə Hikmət Babaoğlu qeyd edib ki, bu perespektivlər həmişə yüsək səviyyədə olub və bundan sonra daha da yüksələn xəttlə inkişaf edəcək: "Həm iki ölkə xalqının siyasi sifarişi həm də qardaş ölkələrin liderlərinin dostluq və qardaşlıq münasibətləri, daim xalqlarımızın mənafeyi baxımından çıxış etmələri və bu maraqları uzlaşdırma bacarıqları Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb".

Millət vəkilinin fikrincə, Azərbaycan həmişə ən çətin məqamlarda Türkiyəni və onun dəstəyini yanında hiss edib: "Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev TANAP layihəsinin açılışında çıxış edərkən bir daha bildirdi ki, Türkiyənin gücü bizim gücümüzdür. 24 yun seçkilərindən sonra Türkiyə bir az daha gücləndi. Deməli həm də Azərbaycan gücləndi. Mən qəbul etdikləri müdrik qərar münasibətilə Türkiyə xalqını, Türkiyədəki dostlarımı və bütövlükdə Cümhur İttifaqını təbrik edirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...