Türkiyədə seçkilərlə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Türkiyənin paytaxtı Ankara şəhərində bu gün keçirilən prezident və parlament seçkilərində ictimai asayişi 16 min polis əməkdaşı qoruyacaq. SİA xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib. Ankara üç seçki dairəsinin ərazisinə bölünüb. Seçicilər 11392 seçki məntəqəsində səs verəcəklər. Paytaxtda təhlükəsizlik tədbirlərinə həmçinin polisin 40 xüsusi texnikası, 35 zirehli avtomobili, vertolyotlar və dronlar cəlb edilib. Qeyd edək ki, Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində 56 milyon 322 min 632 seçici qeydiyyata alınıb. Seçki məntəqələrində 180065 seçki qutusu qoyulub. Türkiyənin xaricində yaşayan ölkə vətəndaşları iyunun 7-dən 19-dək keçirilən səsvermələrdə səs veriblər. Ölkənin sərhədlərindən xaricdə qeydiyyata alınan seçicilər həmçinin bu gün Türkiyə sərhədindən kənardakı nəzarət buraxılış məntəqələrində saat 17-dək səs verə bilərlər. Türkiyədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb və 17:00-dək fəaliyyət göstərəcək. Səsvermələr başa çatdıqdan sonra namizədlərin topladıqları səslərin hesablanmasına başlanılacaq

Bütün xəbərlər Facebook səhifəmizdə