Namiq Əliyev: “Xalqımız öz ordusu ilə fəxr edir” AÇIQLAMA

“Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı rəsmi mərasimdə belə bir fikir söylədi ki, Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, eynilə də, Milli Ordunu yaradan generallar - Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, hərbi nazir Xosrov Paşa bəy Sultanov bu günkü hərbi qüdrətimizi görsəydilər, qürur duyardılar: “Bu gün beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuzun bu səviyyəyə çatmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Yeri gəlmişkən, Prezidentin fəaliyyət prinsipində bir xüsusiyyətini xatırlatmaq istəyirəm. O, istənilən sahə üçün lazım olan avadanlığın dünyadakı ən son modelinin ölkəyə gətirilməsini tələb edir. Bu yanaşma ordu quruculuğu sahəsinə də aiddir. Azərbaycan Ordusu ən müasir texnologiya, avadanlıqlar və silahlarla təchiz olunub. Elə bu ay Belarus və İsraildən hədəfi yüksək dəqiqliklə vura bilən ən müasir raketlər aldıq və onların təqdimatında Prezident özü də iştirak etdi. Ermənistandan fərqli olaraq bu hərbi texnikanı öz hesabımıza alırıq, həmçinin Azərbaycan özü hərbi məhsullar istehsal edə bilir. Silahlı Qüvvələrimizin tələbatının müəyyən hissəsi ölkədə istehsal edilən yerli hərbi məhsulların hesabına ödənilir. Dünyanın ən güclü dövlətləri ilə hərbi əməkdaşlıq qurmuşuq, aparıcı silah şirkətləri ilə sıx əlaqələrimiz var. Ən əsası da odur ki, xalqımız öz Milli Ordusu ilə fəxr edir, onun nailiyyətlərini yüksək qiymətləndirir. 2016-cı ildə Qarabağdakı Aprel döyüşlərinə, 2018-ci ildə Naxçıvandakı Günnüt əməliyyatına xalqımızın münasibəti göz qabağındadır. Sosial şəbəkələrdə ən çox izlənilən, paylaşılan, oxunan, qürur duyulan xəbərlər bu əməliyyatlarla bağlı idi. İnanırıq ki, Aprel döyüşünün və Günnüt qələbəsinin ardınca yeni qələbələrin şahidi olacağıq. Baxın, 2 il əvvəl Qarabağda 2 min hektar sahəni düşməndən azad etmişdik, 2018-ci ildə Naxçıvanda bu rəqəm 11 min hektara çatdı. Bu o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri xalqımızı daha böyük qələbələrlə sevindirəcək”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə