Eldəniz Səlimov: “Ermənistan ordumuzun gücünü aprel döyüşlərində hiss etdi” AÇIQLAMA

“Azərbaycan Milli Ordusunun 100 illiyi hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır”. Bunu SİA-ya açıqlamasında Millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, 1918-ci ildə yaradılan Milli Ordu kiçik zaman kəsiyində formalaşmağa başladı və yadelli işğalçılara qarşı mübarizəyə qoşuldu: “Lakin müstəqillik qazanmış ölkəmiz xarici qüvvələrin işğalçılıq siyasəti nəticəsində 23 aylıq müstəqilliyini əldən verdi. İkinci dəfə ölkəmiz müstəqilliyinə qovuşduğu bir zamanda Milli Ordunun gücləndirmək əvəzinə kiçik hissələrə bölməklə belə demək mümkünsə şəxsi ordu hissələrinə çevirdilər. Nəticədə torpaqlarımız işğal olundu, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün halına düşdü. Bütün bunlar səriştəsiz ölkə rəhbərlərinin dövləti idarə etmək qabiliyyətlərinin olmaması üzündən baş vermişdir. Ölkədə hərc mərclik baş alıb gedirdi. AXC-Müsavat iqtidarı çıxış yolunu Ümummilli Lider Heydər Əliyevə müraciət etməkdə gördü və Onu ölkəni dağılmaq təhlükəsindən xilas etməsi üçün hakimiyyətə dəvət etdi. Xalq da ayağa qalxdı. Nəticədə Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gətirildi. Məhz ordu quruculuğu həmin gündən başladı. Ölkədəki silahlı qüvvələr bir yerə birləşdirildi və dövlətin tam nəzarətinə keçdi. Silahlı qüvvələr üçün kadr hazırlığını daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Təyyarəçilik Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və digər təyinatlı məktəblərin açılması ordu quruculuğunun inkişafına böyük təkan verdi. Bu gün Azərbaycanın Milli Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək regionun ən güclü ordusunun birinə çevrilib. Hərbi sənaye gendən-gündə inkişaf edir ordu quruculuğunun müasir texnika ilə təmin olunmasını təmin edir. İnkişaf etmiş ordumuz bir sıra ölkələrin orduları ilə təlim məşq toplanışlarında olur və yüksək nəticələr əldə edirlər. Ermənistan ordumuzun gücünü aprel döyüşlərində hiss etdi və bu baxımdan bu gün onlar təşviş içində yaşamaqdadırlar. Son dövrlərdə Naxçıvanda Cocuq Mərcanlının, Lələtəpənin ardınca Günnüt kəndi də daxil olmaqla 11 min hektar ərazinin düşməndən azad edilməsi Azərbaycan Ordusunun gücünü və qüdrətinin hansı səviyyədə olduğunu təsdiqlədi. Son 25 ildə ordumuzun sürətli inkişafı bizə deməyə imkan verir ki, yaxın zamanlarda işğal olunmuş torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunacaq. Cocuq Mərcanlıda yaradılmış şəraitə uyğun olaraq dağılmaz ərazilərimiz yenidən qurulacaq, qaçqın və köçkünlərimiz öz torpaqlarına qayıdacaqlar. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordunun yarandığı 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü kimi bayram edilir. Bayram münasibətilə hər birinizi təbrik edir, ordumuza uğurlar arzulayırıq”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə