Keçmiş AXCP üzvləri Əli Kərimliyə hücum etdilər SİYASİ RAKURS

Onun timsalında isə dağıdıcı müxalifət ittiham olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli vaxtilə onun ətrafında olmuş, lakin sonradan onun çirkin əməllərini və yalnız şəxsi maraqlarına xidmət etməsinin fərqinə vararaq partiya sıralarından getmiş gənclərin ittihamlarına məruz qalıb. Demək olar ki, hücum xarakterli ittihamlarda Kərimlinin bütün siyasi, maliyyə fırıldaqları, eləcə də onun timsalında dağıdıcı müxalifətin mövcud durumu əsas mövzu olaraq götürülüb. Əsas ittiham isə budur ki, başda Ə.Kərimli olmaqla, digər müxalifət “liderləri” illərdir müxalifətçilik çətiri altında öz “siyasi gedişləri” ilə ənənəvi düşərgənin vahidlik prinsipini pozublar və bu gün də eyni vəziyyət davam etməkdədir. O cümlədən, bildirilir ki, bir zamanlar müxtəlif vədlərlə yanlarına cəlb etdikləri şəxslər, xüsusilə gənclər onlara verilmiş vədlərin heç birinin reallaşmadığını, aldadıldıqlarını bildirirlər. Onlar Ə.Kərimlinin və ətrafındakıların, eyni zamanda, digər “liderlərin” istər siyasi, istərsə də mənəvi cəhətdən tükəndiklərini vurğulamaqdadırlar. Çünki zamanında bu kimi “lider(lər)ə” dəfələrlə təkliflər edildiyini, gənclərə yol açmağın vacibliyi barədə təşəbbüslər edildiyini deyən gənclər, bunun qarşısında aqressiya gördüklərini də qeyd etməkdədirlər. Xüsusilə, belə olan hallarda Ə.Kərimli təklif verənləri, müxtəlif təşəbbüslərlə çıxış edənləri trolları vasitəsilə aşağılayıb, şantaj edib, öz aləmində satqın çıxarıb. Bu gün də Kərimlinin troll şəbəkəsi ona və ətrafına qarşı etiraz edənləri hədəfə alıb. Son günlər sosial şəbəkələrdə “köhnə dostlar”ın savaşı getdikcə daha da qızışır, sabiq cəbhəçi gənclər Ə.Kərimlinin yanında qalaraq, xam xəyallara qapılanları doğru yola çəkməyə çalışırlar.

Sabiq cəbhəçi: “Xüsusilə, xaricdə fəaliyyət göstərən və özlərini müxalifət adlandırılan qruplar və onların media rəhbərləri arasında ziddiyyətlər özünü göstərir”

Bu arada, vaxtilə Ə.Kərimlinin qatı müdafiəçilərindən biri olmuş Nəzakət Məmmədova baş verənlərlə bağlı maraqlı yanaşma edib və bildirib ki, hazırda düşərgə daxilində kəskin parçalanma baş alıb-gedir. “Xüsusilə, xaricdə fəaliyyət göstərən və özlərini müxalifət adlandırılan qruplar və onların media rəhbərləri arasında ziddiyyətlər özünü göstərir”- deyə qeyd edən N.Məmmədovaya görə, “Meydan TV”-nin rəhbəri Emin Milli “Turan TV”-nin rəhbəri Qənimət Zahidi yalnız Ə.Kərimlini dəstəkləməkdə, digərlərinə, xüsusən, “Oyan hərəkatı”nın üzvlərinə və rəhbəri Nahid Cəfərova efir vaxtı ayırmamaqda, gənc müxalifətçilərə qarşı ayrı-seçkilik etməkdə ittiham edir: “Eyni zamanda, keçmiş konsul Nahid Cəfərov Tofiq Yaqublu ilə debatda Müsavat və Ə.Kərimlini gənclərə meydan verməməkdə ittiham edib. Digər tərəfdən, Q.Zahid N.Cəfərovun təklif etdiyi “Oyan hərəkatı”nın metodlarını nəzərdə tutaraq gizli təşkilatlanma məsələsinin mümkün olmadığını vurğulayıb və buna misal olaraq “İŞİD”-i nümunə göstərib. Gizli təşkilatlanmanın terrorla müqayisə olunması isə həm “Oyan hərəkatı”nı, həm də onunla həmrəylik göstərən Emin Milli, Həbib Müntəzir və digərlərini qəzəbləndirib. Bununla yanaşı, Qurban Məmmədovun “AzeriFreedom” kanalı açması da digər internet televiziyası açmış şəxslərin, xüsusilə də Q.Zahidin narahatlığına və narazılığına səbəb olub. O, iki müxalif internet kanalın olduğunu deyərək, “AzeriFreedom” kanalını müxalifətyönümlü televiziya kimi qəbul etmədiklərini söyləyib. Q.Məmmədovun ona dialoq çağırışları da cavabsız qalıb. Sevinc Osmanqızı isə internetdə baş verən texniki qüsurlar üzündən yaranan nasazlıq problemlərini guya hakimiyyətin onun kanalına hücumu kimi göstərməyə çalışıb”.

“Ə.Kərimlinin komandası ilə E.Milli arasında narazılıq ABŞ Konqresinin binasında Helsinki Komissiyası ilə müzakirələrdə klassik müxalifətin marginallaşması ittihamından sonra başlamışdı”

Beləliklə, görünən budur ki, əslində düşərgə daxilindəki hədsiz intriqalar, qarşıdurmalar bilavasitə Ə.Kərimlinin əlinə oynayan vasitədir və AXCP sədri özü də qarşıdurmaların baş verməsində maraqlıdır. Çünki o, bir tərəfdən postunu kimsəyə verməmək üçün baş qatır, eləcə də maliyyə maxinasiyalarını AXCP sədri olaraq davam etdirmək imkanını əlində saxlamağa cəhd göstərir.

Sabiq cəbhəçi də hesab edir ki, dava-dalaşın əsas səbəbi maliyyə əldə etmək üçündür: “Ə.Kərimlinin komandası ilə E.Milli arasında narazılıq ABŞ Konqresinin binasında Helsinki Komissiyası ilə müzakirələrdə klassik müxalifətin marginallaşması ittihamından sonra başlamışdı. Eyni zamanda, xaricdə fəaliyyət göstərən bu müxalif qruplar bir-birini hakimiyyətə işləməkdə ittiham edirlər. Onların arasında birlik və qarşılıqlı etimad yoxdur. Vidadi İsgəndərlinin mühacirlərin qurultayını çağırması deyilsə də, tədbirdə heç də əksər müxalifət görüşlü müxaliflərin iştirakı inandırıcı görünmür. Görünən odur ki, bu insanlar arasında maliyyə davası gedir”.

N.Məmmədova ənənəvilərin siyasi səhnədən getməsinin vacib olduğunu deyib və belə bir şəraitdə, xüsusilə illərdir müxalifətə “liderlik” etdiyini deyən şəxslərin getməsi və yerlərini gənclərə verməsi zamanının çatdığını bildirib. “Gənclər və daha yaşlı “liderlər” arasında rəhbər mövqelər uğrunda mübarizə qızışıb” deyən sabiq cəbhəçiyə görə, görünən odur ki, yaxın və orta perspektivdə bunların əsas mübarizəsi öz aralarındakı savaşda keçəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə