"Cümhuriyyət Dövründə Səfərbərlik və Hərbi Çağırış" TƏQDİMAT

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sifarişi əsasında qələmə alınan "Cümhuriyyət Dövründə Səfərbərlik və Hərbi Çağırış" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncama əsasən hazırlanıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təbirdə ilk çıxış edən kitabın müəllifi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, 2018-ci il xalqımızın həyatında dərin iz buraxıb: "Azərbaycan Prezidentinin Cümhuriyyət ilinin 100 illiyinin qeyd olunması və bu ilin “Cümhuriyyət ili” elan olunması ilə bağlı sərəncamları əlamətdar hadisələrdəndir".

Kitabın ərsəyə gəlməsi haqqında fikirlərini söyləyən A.Aşırlı bildirib ki, nəşrlə bağlı ideya bu mövzuda hazırlanan filmdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov tərəfindən irəli sürülüb: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini tədqiq etmək çox qürurverici idi. Bu sahədə mənə yardım edən hər kəsə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, hərb sahəsi spesifikliyi ilə seçilir. Kitabın ərsəyə gəlməsində çoxlu sənədlər, faktlar və məqalələrdən istifadə olunub. Sənədlər kitabda şərh şəklində öz əksini tapıb".

AXC-nin tarixi haqqında danışan A.Aşırlı söyləyib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Tiflisdə elan olunub və daha sonra Gəncəyə köçürülüb: "Ondan sonra ordu quruculuğu və səfərbərlik istiqamətində addımlar atılıb. Bütün sahələrdə olduğu kimi artıq hərbi çağırış və səfərbərliyin də əsası həmin dövrdə qoyulub. Fətəli Xan Xoyskinin əmri ilə bu sahə ilə bağlı qurum yaradılıb. AXC-nin varisi olan müasir Azərbaycanda da orduya yüksək diqqət və qayğı göstərilməkdədir”.

Əsərin elmi rəyçisi, millət vəkili Musa Qasımlı tədbir iştirakçılarını 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə təbrik edərək bildirib ki, qoy ordumuz hər zaman müzəffər olsun, Azərbaycanın bayrağı daim yüksəklərdə dalğalansın.

Kitabın ərsəyə gəlməsində arxiv işinin çətinliyindən söz açan M.Qasımlı bu işdə əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.

Tarixə nəzər salan əsərin elmi rəyçisi söyləyib ki, Azərbaycanın şimalı Çar Rusiyası tərəfindən işğal olunanda azərbaycanlılar hərbi xidmətə çağırılmırdı: "Bununla bizə iki qat zərbə vurulurdu. Birincisi gənclərimiz silahdan istifadə etməyi yadırğayır, digər tərəfdən də hərbidə iştirak etmədiyimiz görə vergi ödəməli olurduq. Sovet dövründə biz hərbi xidmətə çağırılırdıq, amma yenə də azərbaycanlılar kənar sahələrdə ya bərbərxanada, ya yeməkxanada xidmət keçirdi. Bu stereotipləri yalnız Ulu Öndər Heydər Əliyev sındıra bildi. Mən ordumuzla fəxr edirəm. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər nəticəsində Azərbaycan ordusu ən döyüşkən orduya çevrilib".

Kitab haqqında fikirlərini bildirən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev söyləyib ki, nəşr dövrümüz, elmimiz üçün lazımlıdır.

Onun sözlərinə görə, kitab AXC dövründə Azərbaycan Ordusu ilə bağlı tariximizin araşdırılmasında üçün mühüm elmi əsərdir: “Ümumilikdə bu kitabı Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi baxımından çox mühüm, lazımlı elmi iş hesab edirəm. Belə kitablar nə qədər çox olarsa cəmiyyətimizi bundan daha çox yararlanacaq. Nəşrin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan danışan PA rəsmisi söyləyib ki, Azərbaycan son dövrlər mühüm beynəlxalq tədbirlər baxımından böyük təcrübə qazanıb: "Bu, Azərbaycanın nüfuzunun yüksəlməsi, mədəni həyatımızda baş verən hadisələrlə əlaqədardır.

2018-ci il Azərbaycan üçün əlamətdar hesab oluna bilər. Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi, eləcə də bu ilin "Cümhuriyyət ili” elan olunması ilə bağlı Sərəncamları həmin dövrün tarixinin daha dərindən öyrənilməsi, keçmişimizə sahib çıxmaq baxımından əlamətdardır. Bu il AXC-nin 100 illiyi ilə əlaqədar çox əlamətdar tədbirlər həyata keçirilir. İctimaiyyət nümayəndələri də bu işə öz töhfələrini verməyə çalışırlar ".

V. Əliyev qeyd edib ki, AXC dövründə ordu quruculuğu sahəsində mühüm işlər görülüb: “O dövrdə sərhədlərimizin müəyyənləşməsi, dilimizin, bayrağımızın elan olunması, ordu quruculuğu, hərbi xidmət və səfərbərlik sahəsində atılan mühüm addımlar ölkəmizin sonrakı inkişafında böyük rola malik olub”.

1991-ci ildə Azərbaycanda Müdafiə Nazirliyinin yaradıldığını deyən PA rəsmisi söyləyib ki, lakin o dövrdə Azərbaycanda baş verənlər ölkəmizi çətin vəziyyətə qoymuşdu: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi milli ordu quruculuğu sahəsində də mühüm işlər görüldü. Ümummilli Liderin bu sahədə milli kadrların hazırlanması ilə bağlı böyük xidmətləri olub. Ordu quruculuğuna böyük diqqətin yetirilməsi, 26 iyun tarixinin “Silahlı Qüvvələr Günü” kimi qeyd olunması və digərləri milli ordu quruculuğu sahəsində böyük işlər kimi dəyərləndirilir. Müasir ordu quruculuğu sahəsində Prezident İlham Əliyevin verdiyi töhfələr isə misilsizdir. Azərbaycanda nizami ordu formalaşdırmaq, ordumuzun regionda önə çıxarılması sahəsində görülən işlər xalq qarşısında ən böyük xidmətlər kimi dəyərləndirilir. Azərbaycan ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib ".

Sonda çıxış edən kitabın ideya müəllifi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib ki, bugünkü tədbirin özü bir tarixdir: “Bildiyiniz kimi Azərbaycanda ordu ilə bağlı məsələlər geniş şəkildə açıqlanmır və bu sahə ilə bağlı çox tədbirlər keçirilmir. Təbii ki, bu bizim təhlükəsizliyimizlə bağlıdır. Ordu ilə əlaqədar müəyyən məsələlər məxfi saxlanılır”.

Kitabın müəllifinə təşəkkür edən xidmət rəisi söyləyib ki, əsərin reallaşması üçün bir sıra məsələlərin araşdırılması çox çətin olsa, bunun öhdəsindən gəlinib: “İlin əvvəlindən Xidmət tərəfindən AXC-nin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib. Bugünkü tədbiri və ümumiyyətlə, kitabın ərsəyə gəlməsini həmin tədbirlərin məntiqi sonluğu olduğunu düşünürəm. Bizim əsas məqsədimiz gənclərimizdə vətənpərvərlik ruhunu daha da artırmaqdır. Biz bu işdə öz rolumuzu göstərməyə çalışırıq”.

Sonda kitabın müəllifi Akif Aşırlıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Fəxri Diplom” təqdim olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə