Hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib TƏDBİR

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə bu gün “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri, eləcə də gənclər iştirak ediblər.

Konfransın açılışını Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov edib.

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişi ilə davam edib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmovun “İslamda şəhidlik”, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin “Hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu” adlı məruzələri dinlənilib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov isə mövzu barədə fikirlərini bölüşüb.

Tədbir hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu, bu sahədə görülən işlər və qarşıda duran məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə