Suraxanıda "Son iclas" bədii-sənədli filminin təqdimatı olub

Bu gün Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Son iclas" bədii-sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib.

Rayon icra hakimiyyətinin akt zalında keçirilən təqdimatda filmin nümayişindən əvvəl layihə haqqında söhbət açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, bu gün təqdim olunan "Son iclas" bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevadır. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Sonra "Son iclas" filminin təqdimatı oldu. Film böyük maraqla izlənilib.

Filmin nümayişindən sonra Bakı Media Mərkəzinin nümayəndəsi, filmin ssenari müəllifi Müsəllim Həsənov çəkilişlə bağlı məlumat verərək bildirib ki, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.

Təqdimatda çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov film haqqında danışaraq, qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilmiş "Son iclas" bədii-sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır,

xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verir. Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün uzun bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib və uzun illər gərgin mübarizə aparmalı olub.

Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş "Son iclas" bədii-sənədli filmi bu mövzu üzrə Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilən ikinci sənədli filmdir. Bundan əvvəl çəkilən "Əbədi ezamiyyət" filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. 2 mart 2016-cı il tarixdə Suraxanı rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə "Əbədi ezamiyyət" sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib. Sevindirici haldır ki, bu gün də Bakı Media Mərkəzinin "Son iclas" bədii-sənədli filmi rayon ictimaiyyətinə təqdim olundu.

Çıxışının sonunda İ.Abbasov rayon ictimaiyyətinin filmin yaradıçı heyətinə, filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya minnətdarlığını çatdırıb və yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Bakı Media Mərkəzinin nümayəndəsi, filmin ssenari müəllifi Müsəllim Həsənova Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi və YAP Suraxanı rayon təşkilatının "Təşəkkürnamə"si, rayonun fəal gənclərinə isə Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda yazılmış kitablar təqdim edilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə